[b]Yığmamızın hücumçusu Türkiyədə bombardir oldu[/b]
19.02.2018 - 09:54
[b]Yığmamızın hücumçusu Türkiyədə bombardir oldu[/b]

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında XXI turun qarşılaşmaları keçirilib. Apasport.az saytının məlumatına görə, qonşu ölkədə mübarizə aparan Azərbaycan millisinin oyunçuları da meydana çıxıblar.

 

Belə ki, millimizin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” “Çanakkale” səfərində 3:1 hesabı ilə qələbə qazanıb. Təmsilçimiz 24 xal toplamaqla görüşün bombardiri olub.

 

“Beylikdüzü”ndə oynayan Yana Kulan da XXI turun ən yaxşılarından seçilib. Onun komandası “Nülufer Bld” klubuna 2:3 hesabı ilə məğlub olsa da, hücumçumuz 28 xalla qarşılaşmanın ən məhsuldar voleybolçusu adını qazanıb.

 

Yığmamızın kapitanı Odina Bayramovalı “Seramiksan” isə “Vakıfbank” səfərində heç nə ilə yadda qalmayıb. Onların 0:3 hesabı ilə uduzduğu görüşdə voleybolçumuzun 5 zərbəsi komandasına xal gətirib.

 

Marqarita Əzizovanın çıxış etdiyi “Beşiktaş” isə turun sensasiyasını rəsmiləşdirib. Onlar “Qalatasaray” səfərindən qələbə ilə dönüblər. 3:2 hesablı qələbədə voleybolçumuz 1 xal yığıb.

 

Qeyd edək ki, XXI turdan sonra turnir cədvəlində “Fənərbaxça” 3-cü (45 xal), “Beşiktaş” 7-ci (26), “Beylikdüzü” 9-cu (22) və “Seramiksan” 10-cu (21 xal) yerdə qərarlaşıb.

0