12:37 23-01-2015
news_image
1548
TOP OYUNLARI

Ruslan Olixver: Bütün komponentlərdə Bakı klubunu üstələdik - MÜSAHİBƏ

Qadın voleybolçulardan ibarət Krasnodarın “Dinamo”sunun icraçı-direktoru Ruslan Olixver klubunun rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, komanda rəsmisi CEV kubokunun 1/4 final mərhələsində Bakının “Lokomotiv” klubunu mübarizədən kənarlaşdırmağın sirlərini açıqlayıb. O, Azərbaycanda 0:3 hesablı məğlubiyyətin ardınca doğma divarlar arasında eynihesablı qələbənin, ardınca “Qızıl set”də “dəmiryolçular”a qalib gəlməkdə komanda oyununun əsas rolunu vurğulayıb.

 

- CEV Kubokunda Azərbaycan klubunu mübarizədən kənarlaşdırdız. Amma yenə də maraqlıdı ki, Bakıda “Lokomotiv”ə 0:3 hesabı ilə uduzduğunuz oyunda nə baş vermişdi?

- Bilmirəm. Nədənsə hamı səfərdə 3:0 hesablı qələbə qazanacağımızı düşünürdü. Halbuki mənim üçün bu məğlubiyyət sürpriz olmadı. “Lokomotiv” yaxşı komandadı, güclü rəqibdi. Üstəlik, öz meydanlarında, doğma azarkeşləri önündə oynayırdılar. Düzdü, həmin görüşdə bizim oyunumuz alınmadı. Amma evdəki oyunda əla çıxış etdik və qələbə qazandıq.

 

- Cavab oyununda “Lokomotiv”i nəyin hesabına məğlubiyyətə uğratdınız?

- Demək olar ki, bütün komponentlərdə rəqibi üstələdik. Amma ilk növbədə, komanda oyununun hesabına qalib gəldik. Hamı eyni məqsəd uğrunda meydana çıxmışdı. Bütün qızlarımız yaxşı oynadılar: həm müdafiədə, həm də hücumda əla təsir bağışladılar. Hamı oyunun məsuliyyətini dərk edirdi. Lazım olan nəticəni əldə etdik və növbəti mərhələyə adladıq.

 

- Məsuliyyət bəzən oyunçulara mənfi təsir edir. Onlar səhv etməkdən qorxmağa başlayırlar və bu da çox vaxt yaxşı effekt vermir. Həmin oyuna komandanı psixoloji cəhətdən necə hazırlamışdız?

- Biz onsuz da, psixoloji cəhətdən həmin matça hazır idik. Məğlub olmağa ixtiyarımız yox idi. Belə çətin və məsuliyyətli vəziyyətlərlə ilk dəfə üzləşməyən xeyli sayda təcrübəli oyunçumuz var. Dediyim kimi, hamı qələbəyə köklənmişdi və yalnız oyun haqda düşünürdük. Bu cür matçlar komandanın birliyini göstərir. Bizim komanda oyunumuz getdikcə yaxşılaşır. Bu, yaxşı əlamətdi.

 

- Cavab oyununda “Lokomotiv”in azarkeşləri də var idi. Bu sizi təəccübləndirmədi ki?

- Bəli, var idi. Mən onların dəqiq sayını da sizə deyə bilərəm – 360 azarkeş. Çoxu Bakıdan gəlmişdi. Bundan əlavə, Azərbaycan diasporasının nümayəndələri də var idi. Onların dəqiq sayını hardan bilirəm? Kassaya bir nəfər gəlib, sektorun bütün biletlərini almışdı. Həmin oyunda zal tamamilə dolmuşdu. “Dinamo”nun azarkeşləri də komandalarına yaxşı dəstək oldular. Qələbəmizdə bu amil də rol oynadı.