15:55 23-01-2015
news_image

Azərbaycan klubu Venesuela komandasına qarşı heyətini açıqladı

Yanvarın 25-də Venesuelanın paytaxtı Karakasda Ümumdünya Boks Seriyasının (WSB) V mövsümünün II turunun görüşü keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycanın “Baku Fires” klubu turnirin debütantlarından olan Venesuelanın “Caciques Venezuela” komandası ilə qarşılaşacaq.

 

Komandaların heyətləri artıq məlumdu. Belə ki,  Azərbaycan yığmasının üzvü Elvin Məmişzadə artıq bir dəfə məğlub etdiyi Bermudes Salasla yenidən qarşılaşmalı olacaq. Həmyerlimiz 30 yaşlı venesuelalı boksçunu 2013-cü ildə Qazaxıstanda keçirilən dünya çempionatında üstələmişdi. 2006-cı ildə Amerika Oyunlarında gümüş medal qazanan Salas Pekin Olimpiadasının da iştirakçısı olub.

 

Venesuela komandasının ən güclü boksçusu 2013-cü ilin dünya çempionatının bürünc mükafatçısı Maestre Perezdi. O, Almatadakı yarışda rusiyalı Avropa çempionu Aleksandr Besputunu məğlub etməklə, sensasiyaya nail olmuşdu.

 

Arslanbek Mahmudovun rəqibi olacaq 31 yaşlı Munoz Mata boksçumuzun “dişinə” görədi. 2003-cü ildə Pan Amerika oyunlarının bürünc mükafatçısı olan boksçu o vaxtdan elə bir ciddi nailiyyət əldə etməyib. Mata 2004-cü ildə Afina Olimpiadasında hazırda “Baku Fires”də məşqçi kimi çalışan Məhəmməd Arifhacıyevə uduzub.

 

“Caciques Venezuela” - Baku Fires”

52 kq. Bermudes Salas – Elvin Məmişzadə

60 kq. Nestor Armas – Albert Səlimov

69 kq. Maestre Perez – Yevgeni Romaşkeviç

81 kq. Ramirez Duran – Soltan Migitinov

+91 kq. Munoz Mata – Arslanbek Mahmudov

 

Venesuela klubu ilk turda səfərdə “Astana Arlans”a 0:5 hesabı ilə məğlub olub. “Baku Fires” isə Qubada “İtalia Thuinder”i 4:1 hesabı ilə üstələyib. Qrupumuzdakı digər görüşlərə gəlincə, “Argentina Condors” doğma divarlar arasında ABŞ klubuna 1:4 hesabı ilə uduzub. Puerto-Riko boksçuları isə öz ölkələrində “Poland Hussar”ı büdrədiblər – 3:2.

 

B qrupu

1. “Astana Arlans” 3 xal (1 görüş)

2. “Baku Fires” 3 (1)

3. Puerto Riko Hurricanes 3 (1)

4. USA Knocukouts 3 ( 1)

5. Husars Poland 1 (1)

6. İtalia Thunder 0 (1)

7. Cacques Venezuela 0 (1)

8. Argentina Condors 0 (1)

 

II turda B qrupunda “Hussars Poland” “Astana Arlans”la, “USA Knockouts” “İtalia Thunder”lə, “Argentina Condors” isə “Puerto-Riko Hurricanes”lə qarşılaşacaq.

 

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidi. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.