11:14 30-01-2015
news_image
1742
TOP OYUNLARI

Azərbaycan çempionu Avropanın simvolik komandasında

Avropa Voleybol Konfederasiyası (CEV) qadın klublar arasında Çempionlar Liqasının VI turunun simvolik komandasını açıqlayıb. Apasport.az saytının məlumatına görə, CEV-in qrup mərhələsinin son oyunlarının yekununa əsasən müəyyənləşdirdiyi “yeddilik”də “Rabitə”nin oyunçusu Brenda Kastilyo da yer alıb.

 

Dominikalı ulduz 10 qarşılaşmanın nəticəsinə əsasən tərtib olunan siyahıda ən yaxşı libero adına layiq görülüb. Bakı təmsilçisinin “Ximik”ə (Polşa) 2:3 hesabı ilə uduzmasına və Çempionlar Liqası ilə vidalaşmasına baxmayaraq, Azərbaycan çempionu bütün rəqiblərini arxada qoyub. Onun komandamız üçün hər top uğrunda döyüşməsi xüsusi vurğulanıb.

 

CEV blokda rəqiblərimizin oyunçularını fərqləndirib. “Rabitə”nin rəqiblərindən “Ximik”in heyətində Aqnieska Bednarek-Kaja və “Agel”in (Çexiya) voleybolçusu Sonya Borovinçek “keçilməz sədd” hesab olunublar.

 

Ən yaxşı toppaylayıcı nominasiyasında Frok Dirix (“Pyaçentsa”, İtaliya) birinciliyi ələ alıb. Hücum xəttində isə liderlərin oyunçuları “trio” təşkil ediblər. Natalya Obmoçayeva (“Dinamo”, Rusiya, Moskva), Yelena Havelkova (“Yamamay”, İtaliya) və Karolina Kostaqrande (“Vakıfbank”, Türkiyə) rəqiblərini daima gərginlikdə saxlamaları ilə fərqləniblər.

 

Qeyd edək ki, bunadək “Rabitə”dən Tori Dikson və “Azəryol”dan Yovana Brakoçeviç də simvolik yığmada yer almışdı. Onlar müvafiq olaraq, ən yaxşı blokçu və hücumçu nominasiyasında fərqlənmişdi.