16:21 30-01-2015
news_image

“Onu saxlamaq istəyirdik, amma görünür, üçüncü nömrə olmaq istəmədi”

Bu gün Quba Olimpiya Kompleksində Dünya Boks Seriyasının (WSB) qrup mərhələsinin 3-cü turu çərçivəsində “Baku Fires” – “Astana Arlans” görüşü ərəfəsində mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, qonaq komandanın baş meneceri Serik Saypiyev ölkəmizə optimal heyətlə gəldiklərini bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanda yenidən olmasından şaddı: “Bu Azərbaycana ilk səfərim deyil. Optimal heyətlə Qubaya gəlmişik. Klubumuzda böyük dəyişikliklər oldu. Amma komanda əvvəlki gücündə qalır. Hər matçda qalib gəlmək istəyirik”.

 

“Baku Fires” klubunun baş meneceri Rizvan Gənciyev yenidən əsas rəqibləri ilə görüşəcəklərini deyib: “Hazırda “Astana Arlans”a ötənlərin məşhur boksçusu Olimpiya və 2 qat dünya çempionu Serik Saypiyev rəhbərlik edir. O, uzun illər bu klubda çalışmış dostum Bolat Mankenovun yolunu davam etdirir. Sabah çox maraqlı döyüş olacaq. Bütün azarkeşləri bu döyüşlərə dəvət edirik”.

 

Gənciyev Xaybulla Musalovun klubdan ayrılması məsələsinə aydınlıq gətirib: “Musalov bizdə 75 kq çəki dərəcəsində birinci nömrə deyildi. Həmin çəkidə Nikolay Veselov lider sayılır. Biz onu saxlamaq istəyirdik. Amma görünür, Musalov üçüncü nömrə olmaq istəmədi. Bizim üçüncü nömrə Azərbaycan çempionatında qalib gəldi. Bu klubdakı rəqabəti göstərir”.

 

“Baku Fires” klubunun baş meneceri 91 kq çəki dərəcəsində olan çətinlikdən də danışıb: “Bu çəkidə belaruslu Çernobayevi sifariş etməyə vaxtımız olmadı. Belədə gənc Rahil Məmmədli bizə kömək edəcək. Bu onun liqada ilk görüşüdü. Ancaq onun mərdliyini alqışlayıram. O, Macarıstana turnirə getməli idi. Bizi çətin vəziyyətə salmadı və sağ olsun köməyə gəldi”.

 

İki qat dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov bundan sonra “Baku Fires” klubunun şərəfini qorumayacaq. Bu haqda mətbuat konfransında Gənciyev məlumat verib: “Bilmirəm Məcidov niyə klubumuzu tərk etdi. Halbuki o, “Baku Fires”in hesabına tanınmışdı. Məcidov bundan sonra “Gilan” klubunun şərəfini qoruyacaq. Bundan sonra ona uğurlar arzu edirəm. Onun APB-dəki görüşünə gəlincə, şəxsi məşqçisi var, qoy o, fikir bildirsin”.

 

“Baku Fires”in baş meneceri WSB liqasında gələcəkdə qadın boksçuların da iştirak etmək məsələsinə də toxunub: “Noyabrda Koreyada keçirilən konqresdə bu məsələ təklif olundu. Amma bu bir günün işi deyil. Fevralın 3-də Lozannada WSB komissiyasının növbəti toplantısı keçiriləcək. Orda sözügedən məsələ müzakirə olunacaq. Bu Beynəlxalq Olimpiya Komitəsinin tələbidi ki, qadın

boksunda idmançıların sayı artırılsın. Onlar istəyir ki, 60 kq çəki dərəcəsində qadın boksçular da WSB liqasında təmsil olunsunlar. Amma bu gələn mövsümün işidir”.

 

Qeyd edək ki, “Baku Fires” – “Astana Arlans” görüşü sabah saat 19:00-da başlayacaq. Komandamızın heyətində Rəsul Saliyev (49 kq) Temirtas Jusupovu, Məhəmməd Qurbanov (56 kq) Nursultan Koşequlovu, Heybətulla Hacəliyev (64 kq) Asxat Ualixanovu, Jaba Xositaşvili (75 kq) Meyrim Nursultanovu və Rahil Məmmədli (91 kq) Vasili Levitlə döyüşəcək.