09:15 04-02-2015
news_image
3085
TOP OYUNLARI

Olimpiya çempionu yenidən Azərbaycanda!

Azərbaycan çempionu “Rabitə”nin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, son illərdə Super Liqanın dəyişməz qalibi yenidən “sükanını” serbiyalı Zoran Qayiçə etibar edib.

 

2011/2012 mövsümündə “Rabitə”də çalışan, komandanı dünya və Azərbaycan çempionu edən Olimpiya Oyunlarının qalibi ilə mövsümün sonuna kimi anlaşma əldə edilib. 57 yaşlı təcrübəli mütəxəssisin qarşısına Bakı təmsilçisini Super Liqada və CEV kubokunda qızıl medallara daşımaq tapşırığı qoyulub.

 

Maraqlıdı ki, Qayiç 2011-ci ildə olduğu kimi yenə də baş məşqçi postunda həmyerlisi Dejan Brdjoviçi əvəzləyib.

 

Qeyd edək ki, 1958-ci il doğumlu Qayiç Yuqoslaviya milli komandasıyla 2000-ci il Sidney Olimpiadasının finalında adlı-sanlı Rusya komandasını yenməklə Olimpiadanın qızıl medallarına layiq görülüb. Bu möhtəşəm uğurdan bir il sonra bu komanda təcrübəli mütəxəssisin rəhbərliyi altında Avropa Çempionatının da qızıl medallarına sahib çıxıb. 2002-ci ildə Yuqoslaviya komandasından ayrılan Qayiç Polşa milli komandasının da baş məşqçi postuna ən real namizədlərdən sayılır, namizədlər arasında favorit hesab edilirdi. Lakin müqavilə şərtlərində razılığa gələ bilməyən mütəxəssis dünya voleybolunda iz buraxmış Rusiya yığmasının sükanı arxasına gətirilir. Rusiya voleybol tarixinə ilk əcnəbi məşqçi kimi keçən Qayiç milli komandayla 2005-ci il Avropa çempionatının finalına yüksəlir, həlledici oyunda isə meydan sahibləri İtaliya komandasına tay-brekdə məğlub olaraq gümüş medallara sahib çıxır.

2006-cı ildə Moskvada keçirilən FİVB Dünya Liqasının yarımfinalında Braziliya milli komandasına yenilən Qayiçli Rusiya komandası bürünc medal uğrunda görüşdə Bolqarıstan millisini 3:0 hesabı ilə yenərək turniri 3-cü pillədə başa vurur. 2007-ci  ildən etibarən Rusiyanın “İskra Odintsovo”, “Ural” komandalarını çalışdıran təcrübəli mütəxəssis burada da birincilərə Çempionlar Liqasının bürünc medalını qazandırıb. Qayıç, həmçinin “Arçelik”lə Türkiyə, “Olimpiakos”la Yunanıstan, “Mladost” və “Voyvodina” ilə Yuqoslaviya çempionu tituluna da yiyələnib.