11:21 05-02-2015
news_image

Bakı klubunda yeni debütant

Fevralın 7-də saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) IV turunun görüşü keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycanın “Baku Fires” klubu Polşanın “Rafako Hussars Poland” komandası ilə qarşılaşacaq.

 

Bu görüşdə komandamızın heyətində Pərviz Bağırov debüt edəcək. Gənclər arasında Avropa çempionu, dünya birinciliyinin qalibi Şimali İrlandiya boksçusu Donnelli ilə üz-üzə gələcək.

 

“Baku Fires”in heyətində Arslanbek Mahmudov cari mövsümdə 2-ci qələbəsini qazanmağa çalışacaq. Onun rəqibi Litva təmsilçisi Mantas Valaviçius olacaq. Ötən il Qroznıda Əhməd Kadırovun xatirəsinə həsr olunmuş turnirdə iştirak edən litvalı boksçu ilk görüşdə uduzmuşdu. Valaviçius 2013-cü ildə Neft Ölkələrinin Dünya Kubokunda milli komandamızın üzvü Kamran Mehdiyevə də məğlub olub.

 

Mahmudovdan başqa, Albert Səlimov da bu mövsüm artıq bir qələbə qazanıb. Dünya və Avropa çempionumuz 2010-cu ildə Bakıda keçirilən gənclər arasında dünya birinciliyində və həmin il Sinqapurda yeniyetmələrin Olimpiya oyunlarında bürünc medal qazanmış David Miçelusla üz-üzə gələcək.

 

Komandaların heyətləri belədi:  

 

“Baku Fires” – “Rafako Hussars Poland”

52 kq. Elvin Məmişzadə – Qrjeqorj Kozlovski

60 kq. Albert Səlimov – David Miçelus

69 kq. Pərviz Bağırov - Stiven Donnelli

81 kq. Soltan Migitinov – Jordan Kulinski

+91 kq. Arslanbek Mahmudov - Mantas Valaviçius

 

Birinci turda səfərdə Puerto Riko klubuna 2:3 hesabı ilə uduzan “Rafako Hussars Poland” 2-ci turda doğma arenada eyni hesabla “Astana Arlans”a məğlub olub. Polşa komandası ötən tur doğma divarlar arasında “Argentina Condors” üzərində 5:0 hesablı qələbə qazanıb.

 

Bu həftə B qrupunda “Puerto Riko Hurricanes” “Caciquez Venezuela”nı, “Argentina Condors” “İtalia Thunder”i, “Astana Arlans” isə USA “Knockouts”u qəbul edəcək.

 

Turnir cədvəli

1. “Astana Arlans” – 9 xal, (döyüşlərin nəticələri 15-11)

2. USA “Knockouts” – 9, (15-10)

3. “Rafako Hussars Poland” – 5, (15-9)

4. “Baku Fires” – 5, (15-8)

5. “Puerto Riko Hurricanes” – 5, (15-6)

6. “İtalia Thunder” – 4, (15-8)

7. “Venezuela Caciquez” – 4, (15-5)

8. “Argentina Condors” – 0, (15-3)

 

Qeyd edək ki, cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidi. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.