15:35 06-02-2015
news_image
4367
DİGƏR NÖVLƏR

Bakı İdman Zalı yenidən qurulur - REPORTAJ

Bakıda keçiriləcək I Avropa Oyunlarının bəzi yarışları üçün nəzərdə tutulan  Bakı İdman Zalında yenidənqurma və təmir işləri aparılır. Burada ilk növbədə tamaşaçı tutumunun artdığını demək mümkündür.

 

Təmirdən əvvəl oturacaqların sayı 1100 idisə, bərpa işlərindən sonra artırılaraq 1736-ya çatdırılıb.

 

Təmir işlərindən sonra Bakı İdman zalında xüsusi havalandırma sistemi, müasir tələblərə cavab verən işıqlandırma və 6 lift quraşdırılıb.

 

Arenada taxta materiallı xüsusi döşəmə quraşdırılacaq ki, bu da həm Avropa Oyunları zamanı, həm də ondan sonra digər yarışların keçirilməsinə şərait yaradacaq.

 

VİP qonaqlar üçün xüsusi yol, onlar üçün ayrılmış xüsusi lift və xüsusi yerlər var ki, bu da onların arenada bütün oyunları rahat  izləməsinə şərait yaradacaq.

 

Birinci mərtəbədə atletlər və komanda təmsilçiləri üçün yer ayrılıb. Burada onların geyim, yemək, tibb otaqları olacaq.

 

İkinci mərtəbə isə media üçün nəzərdə tutulub. Birinci hissədə müsahibələrin, açıqlamaların alınması üçün yer ayrılıb, ikinci hissədə isə iş otağı olacaq.

 

Bakı İdman zalının əməliyyatlar meneceri Faiq Hüseynov APA TV-yə deyib ki, binanın xarici görünüşündə də köklü dəyişikliklər var. Burada ən son texnologiyaya əsaslanan və müasir tələblərə cavab verən xüsusi fasad sistemi quraşdırılacaq ki, binanın gecə görüntüsü çox gözəl olacaq. Martda binanın təhvil verilməsi nəzərdə tutulur.

 

Binanın sahəsi 88 eni 50, hündürlüyü 17 metrdir.