15:20 09-02-2015
news_image
3179
DÖYÜŞ NÖVLƏRİ

Yığmamızdan imtina edən güləşçi: Pula ehtiyac yarandıqda...

“Mənə ölkə xaricindən təkliflər gəlib. Analıq məzuniyyətinə çıxarkən, Azərbaycana da dəvət etmişdilər”. Apasport.az saytının məlumatına görə, bunu ukraynalı güləşçi Yuliya Tkaç deyib.

 

Dünya və ikiqat Avropa çempionu ölkəsinin mətbuatına geniş müsahibə verib.

 

63 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı Tkaç bildirib ki, Azərbaycan millisinə keçmək variantı olsa da, bundan imtina edib. Güləşçi bundan peşmançılıq hissi keçirdiyini də gizlətməyib: “Niyə getmədim? Vətənpərvərəm və bu tip sözlər deməyəcəm. Həyatda hər şey ola bilər. Böyük məbləğdə pula ehtiyac yarandıqda hər şeyə hazır olursan. Bəlkə də təklifi qəbul etməkdən qorxdum. Çünki çox məsuliyyətli insanam. Bu üzdən oraya getmədim. Necə olursa-olsun, mən dünya çempionuyam. Ölkəmin bayrağını qaldırmışam, ölkəmi sevirəm. Həmin qərarıma görə peşmanam? Ola bilər “hə”, ola da bilər də “yox”. Bəlkə də belə qərarımla fəxr edirəm. Məşqçim Andrey Pistun demişkən, “Mən sənlə fəxr edirəm ki, öz ölkəni dəyişmədin və bayrağımızı qaldırırsan”. Bu mənə çox xoşdu”.

 

Tkaç bildirib ki, Ukrayna ilə müqayisədə Azərbaycanda yaxşı mükafatlar qazanmaq şansı da olub: “İndi Olimpiya öncəsi ildi. Belə bir vaxtda hansısa ölkədən təklifi qəbul edib, 2 il kənarda qalmaq olmaz. Hazırda belə məsələlər barədə düşünmürəm. Bütün fikrimi 2016-cı ildə Rio-de-Janeyroda Ukraynanın bayrağı altında çıxış etməyə yönəltmişəm. Ukraynada qazanacağım mükafatla Azərbaycandakını müqayisə etmək olmaz. Çünki fərq çox böyükdü. Başa düşəndəki, bu uğur üçün daha artıq qazana bilərdin, bir az əməyinə heyfin gəlir. Çünki o qədər vaxt sərf edirsən, uşaqlar anası görmədən böyüyür. Bu yaxınlarda Azərbaycanda kommersiya turnirində çıxış edəcəm. Bu, “Qızıl Qran-Pri”nin finalıdı. Orada əlavə qazanc əldə etmək olar”.

 

London Olimpiadasında 7-ci yeri tutan güləşçi kumirinin də adını açıqlayıb. O bildirib ki, Azərbaycan millisinin güləşçisi olan həmyerlisi Mariya Stadnik onun üçün bir nömrədi: “Əvvəl uşaq olanda kumirim İrina Merlini idi. Amma indi artıq yeni rəğbət bəslədiyim idmançı var. Bu, Olimpiya Oyunlarının ikiqat mükafatçısı Mariya Stadnikdi. Hazırda onunla eyni zalda, hətta bir xalçada məşq edirik. Stadnikin güləş üslubu ürəyimcədi. Mariya ayağı ələ keçirməyi əla bacarır. Mənim də ondan çox xoşum gəlir. Məşq zamanı gözümün ucu ilə ona baxıram və çatışmazlıqlarımı ondan “oğurlamaq” istəyirəm”.