15:01 10-02-2015
news_image

“Məqsədimiz Paralimpiya oyunlarında medallar qazanmaqdı” - FOTO

2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Paralimpiya Yay Oyunlarının proqramında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, 25 avqust – 6 sentyabr tarixində keçiriləcək yarışın proqramına parataekvondo idman növü əlavə olunub.

 

Bu qərar Beynəlxalq Paralimpiya Komitəsinin Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində baş tutan toplanışında açıqlanıb. Nəticədə Paralimpiadada idman növlərinin sayı 22-yə çatıb.

 

Abu-Dabidə, həmçinin Tokioya lisenziya qazanmaq qaydalarına da aydınlıq gəlib. Belə ki, 18 sentyabrda Türkiyənin Samsun şəhərində təşkil olunacaq dünya çempionatı reytinq kateqoriyalı olmaqla, nəticə göstərən idmançıların müvafiq cədvələ əsasən Yaponiyaya bilet sifariş edəcəkləri müəyyənləşib.

 

Parataekvondonun Tokio-2020-yə daxil edilməsinə şərh verən Azərbaycan millisinin baş məşqçisi Əvəz Tağızadə bildirib ki, buna illərdi hazırlaşırlar. O, federasiyanın mətbuat xidmətinə verdiyi açıqlamasında qərarın çox sevindirici olduğunu da deyib: “Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun qərarı ilə 2009-cu ildə parataekvondo üzrə milli komandası yaradıldı və buraya göstərilən qayğı özünü çox gözlətmədi. 6 il ərzində komanda birinciliyi yarışlarında 3 dəfə Avropa, 2 dəfə isə dünya çempionu adına layiq görülərək, lider yığmalar siyahısında özümüzə yer etdik. Bu qərarın verilməsi münasibəti ilə Azərbaycan taekvondo ailəsini təbrik edirəm və təbii ki, məqsədimiz Paralimpiya oyunlarında yüksək nəticələr göstərərək, medallar qazanmaqdı”.