19:59 11-02-2015
news_image
3557
TOP OYUNLARI

“Azəryol” uduzub, şansını azaltdı - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının I pley-off mərhələsinin ilk oyunlarını çərçivəsində növbəti görüşlər keçirilib. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən Azərbaycanın yeganə təmsilçisi “Azəryol” İtaliya “Yamamay”ını qəbul edib.

 

1 illik fasilədən sonra qrup mərhələsini adlayan Aleksandr Çervyakovun yetirmələri müəyyən üstünlüyə malik olsalar da, sonluq onlar üçün uğurlu alınmayıb. Busto Arsizo təmsilçisi paytaxtımızdan qələbə ilə ayrılıb.

 

Düzdü, qarşılaşma Super Liqanın gümüş medalçısının üstünlüyü ilə başlayıb. Komandamız hətta ilk setin ikinci texniki fasiləsinə 3 top öndə yollanıb. Yekunda lazımı xalların itirilməsi isə rəqibin özünə gəlməsi ilə nəticələnib. Hissənin sonunda “Yamamay” fərqi aradan qaldıraraq, bu dəfə özü 3 top irəli çıxıb - 24:21. Buna baxmayaraq, təmsilçimiz yenidən status-kvonu bərpa edib – 24:24. Lakin voleybolçularımız yenə son anda səhvlərlə yadda qalıblar və hesabda geri düşüblər – 0:1.

 

İkinci set “Yamamay”ın üstünlüyü şəraitində keçib və qonaq komanda hissəni 4 top öndə bitirib.

 

0:2 hesabı ilə geri düşən “Azəryol” bundan nəticə çıxararaq, üçüncü setə inamla başlayıb. Artıq ilk 2 hissədəki səhvlər təkrarlanmayıb. Blokda, qəbulda, hücumda, hətta servisdə uğurlu oynayan voleybolçularımız rəqibdən heç də zəif olmadıqlarını nümayiş etdiriblər. Bu isə qonaqları çətin vəziyyətə salıb və komandamız hissələr arasında fərqi azaldıb – 1:2.

 

Təəssüf ki, “Azəryol” bu inamlı çıxışın davamını gətirə bilməyib. Oyununda dönüş yaradan “Yamamay” yenidən təşəbbüsü ələ alıb və matçın yekun nəticəsini müəyyənləşdirib – 3:1.

 

Buna baxmayaraq, “Azəryol” növbəti mərhələ şansını itirməyib. Fevralın 18-də baş tutacaq cavab oyununda komandamız məğlubiyyətin əvəzini çıxıb, görüşü “Qızıl set”ə daşıya bilər.

 

 

Çempionlar Liqası

11 fevral

I pley-off mərhələsi, ilk oyun

“Azəryol” (Azərbaycan) – “Yamamay” (İtaliya) - 1:3 (24:26; 21:25; 25:19; 14:25)

Hakimlər: Pyotr Dudek (Polşa), Salvis Kurtiss (Latviya)

Bakı, Voleybol Mərkəzi