12:18 16-02-2015
news_image
3221
TOP OYUNLARI

“Azəryol”un voleybolçusu: Hamilə deyiləm. Bəyəm ağlım yoxdu?

Serbiya millisinin və “Azəryol”un voleybolçusu Yovana Brakoçeviç haqqında gəzən şayiələrə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı ulduz oyunçu hamilə olması və klubunu dəyişmək kimi informasiyaların həqiqətdən uzaq olduğunu açıqlayıb.

 

O bildirib ki, karyerasına önəm verdiyindən və “Azəryol”da özünü xoşbəxt hiss etdiyindən çıxışına fasilə vermək niyyətində deyil: “Hamilə olmağımla bağlı yayılan məlumatlar düzgün deyil. Bəyəm ağlım yoxdu? Məni yaxşı tanıyanlar hamısı necə peşəkar olduğumu bilirlər. Bu yay ailə qurduğum Marsellə razılaşmışam ki, toyumuzdan sonra ən azı 2 il uşaq haqda fikirləşməyəcəyik. Hazırda mənim üçün klub karyeram daha vacibdi və “Azəryol”la iddialarım var. Yaxın bir neçə ildə həm klub, həm də yığmada yüksək səviyyədə çıxış etmək istəyirəm”.

 

Brakoçeviç Çempionlar Liqasının I pley-off mərhələsində İtaliya “Yamamay”ı ilə oyuna da münasibət bildirib. Onun sözlərinə görə, ilk matçda 1:3 hesabı ilə uduzmaq hələ yarışla vidalaşmaq deyil: “Əlbəttə ki, “Yamamay”a məğlubiyyət mənim də ürəyimcə deyil. Yenilgi həmişə üzücü olur. Lakin hələ növbəti mərhələyə çıxıb, ən güclü 6 komanda sırasında yer almağımız mümkündü. “Dördlər finalı”na çıxmaq istəyimiz böyükdü. Düşünürəm ki, Polşadakı həlledici mərhələyə yüksəlmək üçün səfər matçında da mübarizəni davam etdirəcəyik”.

 

Avropa çempionu, Çempionlar Liqasının qalibi Azərbaycan Super Liqası ilə bağlı da iddialı danışıb. Yovana bildirib ki, əsas məqsədlərindən biri “Azəryol”un uzun müddətdi qazana bilmədiyi ölkə çempionatının qalibi olmaqdı: “Son turdakı qələbəmizə çox şadam. Bizim əsas rəqibimiz Çempionlar Liqası ilə vidalaşan “Rabitə”di. Onlar indi bütün gücünü milli çempionata qoyacaqlar. Bu komanda baş məşqçi postuna da Zoran Qayiçi gətirib. Buna baxmayaraq, həmyerlim Yelena Nikoliç və digər komanda yoldaşlarımla birgə mükafatlar qazanmaq üçün döyüşəcəyik. İstəyirik ki, Azərbaycan çempionu tituluna yiyələnək. Çünki “Rabitə” son illər ölkə çempionatının dəyişməz qalibidi və onlarda taxtı təhvil almağı hədəfləmişik”.