12:37 17-02-2015
news_image
2634
TOP OYUNLARI

Ciddi sınaq qarşısında: Estes möcüzə edə biləcəkmi?

Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının I pley-off mərhələsinin cavab görüşlərinə start veriləcək. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk oyun günündə yarışdakı yeganə təmsilçimiz “Azəryol” da meydana çıxacaq.

 

Komandamız İtaliyada “Yamamay”ın qonağı olacaq.

 

Busto Arsizoda təşkil ediləcək görüş voleybolçularımız üçün xüsusi əhəmiyyət daşıyır. Çünki “Azəryol” avrokubokda yeni baş məşqçisi Jeremi Estesin rəhbərliyi altında ilk imtahanını məhz son illər “qənimi”nə çevrildiyi “Yamamay” qarşısında verəcək.

 

Bakıda birinci qarşılaşmada 1:3 hesabı ilə uduzduqdan sonra Aleksandr Çervyakovu istefaya göndərən komanda rəhbərliyi amerikalı çalışdırıcıya böyük ümid bağlayır. Həmçinin, bu qarşılaşma Estesin karyerasında da mühüm rol oynaya bilər. Çünki müvəqqəti olaraq komandanın “sükanı arxası”na keçən mütəxəssis mərhələ adlayacağı halda, yeni mövsümdə də burada qalmaq şansını artıracaq.

 

Düzdü, bu, səfərdə heç də asan olmayacaq. Çünki komandamız öncə 3:0 və ya 3:1 hesabı ilə qalib gəlməli, ardınca “Qızıl set”də də üstün olmalıdı. Təbii ki, bu qələbə “Azəryol”un son 2 mövsümdə aldığı məğlubiyyətlərin revanşı kimi qiymətləndiriləcək.  Çünki “Yamamay” 2012/2013 mövsümündə komandanın “Azərreyl” adlanan vaxtı “Qızıl set”də “Dördlər finalı”na gedən yolunu, həmçinin 1 il sonra pley-offa yüksəlməsinə mane olduğundan bu dəfə həlledici mərhələnin 1 addımlığına çıxmaq  uğursuz seriyanın qırılması ilə nəticələnəcək. Bu möcüzənin nə dərəcədə reallaşması isə komandanın yeni çalışdırıcısından və aparıcı oyunçularından asılı olacaq.

 

Lakin “Yamamay” da qələbəni hədəflədiyindan asan qələbə qazanacağımızı da proqnozlaşdırmaq çətindi. Ən azından, rəqib doğma publika önündə oynayacaq.

 

Qeyd edək ki, II pley-off mərhələsinə vəsiqə qazanacaq bütün komandaların adına fevralın 19-da aydınlıq gələcək.   

 

 

Çempionlar Liqası

I pley-off mərhələsi, cavab oyunu

23:30. “Yamamay” (İtaliya) – “Azəryol” (Azərbaycan)

Hakimlər: Nurper Özbar (Türkiyə), Sabina Vitt (Almaniya)

Busto Arsizo, Palayamamay

İlk oyun: “Azəryol” (Azərbaycan) – “Yamamay” (İtaliya) - 1:3 (24:26; 21:25; 25:19; 14:25)