15:03 17-02-2015
news_image
428
TOP OYUNLARI

“Komandamızın yeni tarixini yazırıq”

“Voleybol oynamaq planlarıma daxil deyildi, çünki basketbolçu olmaq istəyirdim. Həmin vaxt dostlarımın hamısı basketbolla məşğul olurdu”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv”in voleybolçusu Aleksandra Srnçeviç deyib.

 

28 yaşlı serbiyalı oyunçu karyerasına ekskursiya edib. Bakı təmsilçisinin əsas heyət üzvü olan Srnçeviç bildirib ki, voleybolu seçməsində həmyaşıdlarının rolu böyük olub: “Uşaqlıq illərimdə Serbiyanın (Yuqoslaviyanın) voleybol millisi çox güclü idi. Onların iştirakı ilə olan oyunlara baxmağa gedirdim. Nəticədə dostlarımın hamısı mənim voleybola gəlməyimi məsləhət gördülər. Çünki öz yaşım üçün çox hündür və sümüklü idim. Həmçinin, voleyboldan əvvəl karate ilə məşğul olurdum. 14 yaşında ilk peşəkar müqaviləmə imza atdım”.

 

İdmançı karyerasını başa vurduqdan sonra başqa sahələrdə də özünü sınamaq istəyən oyunçu “Lokomotiv”də, o cümlədən Azərbaycanda çox xoşbəxt olduğunu açıqlayıb: “Azərbaycan Super Liqası çox güclüdü və yüksək səviyyəli oyunçulara malikdi. Bizim komanda mövsümü çox uğurlu başlayıb və indi biz klubumuzun yeni tarixini yazırıq”.

 

Srnçeviçin sözlərinə görə, ölkəmizin tanış olduqca yeni nüanslar ortaya çıxır: “Buranı nə qədər çox tanıyıramsa, o qədər də Azərbaycan və serb xalqlarının oxşarlığının sübutunu tapıram. Ölkənizdəki insanların təfəkkürü Balkan təfəkkürünə çox bənzəyir. Bir çox cəhətlərimiz oxşardı və bu çox xoşuma gəlir. Biz bir-birimizi çox asanlıqla anlayırıq. Ünsiyyəti isə çox sevirəm. Həmişə gülərüzəm, xoşbəxt olmağı sevirəm. Həyatın hər anından zövq almağa çalışıram. Ünsiyyət üçün açıq insanam”.  

 

O, “Lokomotiv” azarkeşlərinə də heyranlığını gizlətməyib: “Onlar çoxdu və bizə hər zaman dəstək olurlar. Hesab edirəm ki, azarkeş yeddinci oyunçudu. Onlar bizim üçün çox böyük iş görürlər. Ümidvaram ki, onların gözləntilərini doğrultmaq üçün həmişə qələbə əldə edəcəyik”.