17:30 20-02-2015
news_image

“Dağıstanda Azərbaycandakı mükafatın yarısını versələr...”

 

Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) VI turunun “Baku Fires” – “Puerto-Rico Hurricanes” qarşılaşması ərəfəsində mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə qonaq komandanın baş meneceri Oskar Rodriges WSB-nin debütantı kimi ilk mövsümdə qrupdan çıxmağı hədəflədiklərini deyib.

 

 

Onun sözlərinə görə, əsas məqsədləri bəzi çəkilərdə Olimpiadaya lisenziya qazanmaqdı: “1-2 boksçumuz buna yaxındı. Qrupumuzda bərabər səviyyəli komandalar cəmləşib. Xallar bir-birinə yaxındı. Bu üzdən sabahki döyüş haqda proqnoz verməkdə çətinlik çəkirəm. Ancaq bizi ağır döyüş gözlədiyini deyə bilərəm. Bura gələrkən 28-29 saat yolda olmuşuq. Puerto-Riko-ABŞ-Rusiya-Azərbaycan marşrutu ilə hərəkət etmişik. Ancaq boksçuların bərpa olduğunu söyləyə bilərəm”.

 

“Baku Fires”in baş məşqçisi Nuripaşa Talibov komandamızın rinqə qələbə üçün çıxacağını deyib: “Boksçularımız döyüşə yaxşı hazırlaşıb. Hədəfimiz doğma rinqdə qələbə qazanmaqdı. ABŞ-dakı görüşün video yazısını izləmişik. 56 və 75 kq-da boksçularımız qalib gəlsə də, hakimlərin qeyri-obyektivliyi ilə üzləşdik. Həmin görüşlərdə qələbə əlimizdən alındı”.

 

“Baku Fires”in baş məşqçisi dağıstanlı mütəxəssis Zübeyr Cəfərovun fikirlərinə də münasibət bildirib: “O, Dağıstan idman məktəbinin Azərbaycan üçün işlədiyini deyib? WSB liqasının ilk mövsümündən “Baku Fires”də dağıstanlı boksçular üstünlük təşkil edir. Onlar arasında Rusiya çempionatının mükafatçıları var. Orda sistem başqa cür qurulduğundan həmin boksçular yığmada möhkəmlənə bilmirlər. Əslində onların Rusiya millisinə cəlb olunmamasında Zübeyr Cəfərovun da rolu var. Azərbaycan var olsun ki, həmin boksçulara sahib çıxır. Burada bizə hər bir şərait yaradılıb. Onlar işlə təmin olunur. Beynəlxalq yarışlarda iştirak etmək imkanı qazanır. Dağıstanda burda verilən mükafatın yarısını versələr, boksçular elə öz ölkələrində qalar”.

 

Talibov fərdi reytinqdən də danışıb: “Lisenziya məsələsində hələ nəsə demək tezdi. Düzdü, boksçularımızdan hələ ki yalnız Albert Səlimov reytinqdə liderdi. Ancaq digər boksçuların da Olimpiadaya vəsiqə qazanmaq şansları var. Hər şeyə apreldə aydınlıq gələcək. WSB-də lisenziya qazanmayanlar milli komandanın heyətində digər turnirlərdə uğur qazanmaqla Braziliyaya bilet əldə edə bilərlər”.

 

Qeyd edək ki, qonaq komandanın superağır çəki dərəcəsindəki təmsilçisi braziliyalı Enrike dos Santos Nasimento Türkiyədə kəskin hava şəraiti ilə bağlı uçuşların təxirə salınması səbəbindən yalnız axşam saatlarında Qubada olacaq. Matçı isə sabah saat 19:00-da başlayacaq.