10:26 25-02-2015
news_image

Azərbaycan boksçusu “Strandja” turnirinə qələbə ilə başlayıb

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirinə start verilib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda 34 ölkənin 240 idmançısı qələbə uğrunda mübarizə aparır.

 

Yarışın ilk günündə rinqə çıxan boksçularımızdan Elvin İsayev (60 kq) qələbə qazanıb. Milli komandamızın üzvü Belarus təmsilçisi Dmitri Sapon üzərində qalibiyyət əldə edib – 3:0. Həmyerlimiz 1/8 final mərhələsində Gürcüstan idmançısı Otar Eronosyanla qarşılaşacaq.

 

91 kq çəki dərəcəsində çıxış edən Rahil Məmmədli yarışa məğlubiyyətlə başlayıb. O, ilk görüşdə Gürcüstan nümayəndəsi Levan Guledaniyə uduzub – 1:2.

 

Araz İmaməliyev də (52 kq) ilk görüşdə uduzaraq, turnirdən kənarda qalıb. Boksçumuz Korin Soqhomonyanla görüşdən məğlub ayrılıb.

 

Superağır çəki dərəcəsində mübarizə aparan Asəf Aslanlı da növbəti mərhələyə vəsiqə qazana bilməyib. Aslanlı Belarus təmsilçisi Aleksey Zavatinə ciddi müqavimət göstərə bilməyib.

 

Bu gün qadın boksçularımızdan 3-ü rinqə çıxacaq. Anaxanım Ağayeva (51 kq) irlandiyalı Keyr Smitlə üz-üzə gələcək. Yana Alekseyevanın (60 kq) rəqibi bolqarıstanlı Svetlana Kamenova olacaq. 54 kq çəki dərəcəsində çıxış edən Anna Əlimərdanova isə yunanıstanlı Aiketerini Koutsogeorqopo ilə qarşılaşacaq.