15:38 25-02-2015
news_image
408
TOP OYUNLARI

Hind Ben Abdelkader: Bakıda olmaq istəyirəm - MÜSAHİBƏ

Basketbolun 3X3 növü üzrə Belçika millisinin ulduz oyunçusu Hind Ben Abdelkader Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı müsahibə verib. Apasport.az saytının məlumatına görə, 20 yaşlı ulduz iyunun 12-28-də baş tutacaq yarışla bağlı iddialarını açıqlayıb.

 

- Sizin üçün Bakı-2015 nə deməkdi?

- Bu bizim üçün inanılmaz təcrübə olacaq. Bu yeganə yarışdı ki, Avropa idmançıları hamısı bir araya gələcək. Bakıdakı yarışları həm 3X3 oynamaq, həm də Oyunların bir parçası olmaq üçün səbirsizliklə gözləyirəm.

 

- Basketbolun 3X3 növü üçün Avropa Oyunlarına daxil olmaq nə dərəcədə önəmlidi?

- Bu növ hazırda inkişafdadı. Biz istəyirik ki, 3X3 Olimpiya Oyunlarına da daxil edilsin. Bakı bu istiqamətdə ilk addımdı. Basketbolun bu növü klassik növlə müqayisədə şansları olmayan ölkələrə də nəticə qazanmaq imkanı yaradır. Fikrimcə, bu əladı.

 

- Şərəfini qoruduğunuz Belçika millisi son Avropa çempionatının yarımfinalında Rusiyaya uduzmaqla, 3-cü yeri tutmuşdu. Bakı-2015-dən nə gözləyirsiz?

- 2014-cü il komandamız üçün uğurlu alındı. Əvvəl Rusiyada dünya çempionatında, ardınca Rumıniyadakı qitə birinciliyində inamla çıxış etdik. Düşünürəm ki, Belçika çempionatının ən yaxşı oyunçusu olduğuna belə şübhə etmədiyim Sara Limans və basketbol əfsanəsi Enn Vauterslə birgə əsl komanda formalaşdıra bilmişik. Onlarla birlikdə oynamaq çox xoşuma gəlir və inanıram ki, Bakıda böyük nailiyyət əldə edib, yenidən medal qazana bilərik.

 

- Hələ 20 yaşınız olsa da, İspaniya Liqasında çıxış edirsiz. Siz, həmçinin 5X5 növündə güclü oyunçulardan sayılırsız. Bu 2 növ arasında nə kimi fərqlər görürsüz?

- 3X3 növündə daha çox fiziki hazırlıq lazımdı. Amma ən böyük fərq bu növdə hər şeyin mümkün olmasıdı. Cəmi 10 dəqiqə davam edən oyunda istirahətə vaxtın olmur. Bunun üçün də hər hücum həlledici ola bilər. Qarşılaşmalar da bu səbəbdən maraqlı alınır.

 

- Bakıdakı Oyunlara qısa müddət qalıb. Yarış öncəsi nə hisslər keçirirsiz?

- Çox həyəcanlıyam, Bakıda olmaq istəyirəm. Bu ilk Avropa Oyunlarıdı və sevinirəm ki, Belçika millisi də bu yarışda gücünü yoxlayacaq. Mən də bunun başlamasını çox həyəcanla gözləyirəm.