10:57 02-03-2015
news_image
1327
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov irəlilədi, Şəhriyar Məmmədyarov yerində qaldı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, mart üçün açıqlanan “Top-100”də Azərbaycan təmsilçiləri də yer alıb.

 

Qrossmeysterlərimizdən ən yaxşı nəticəyə yenə Şəhriyar Məmmədyarova məxsusdu. Həmyerlimiz ötən ayda olduğu kimi, yenə 13-cü yerdədi. Onun aktivində 2759 reytinq xalı var.

 

Gürcüstanda keçirilən Qran-pri turnirində 3-cü yeri tutan Teymur Rəcəbov isə irəliləyib. Həmyerlimiz 4 rəqibini qabaqlayaraq, 2738 xalla 20-ci yerə yüksəlib.

 

Reytinq cədvəlinin ilk “üçlüyü”ndə dəyişiklik baş verib. Yenə Maqnus Karlsenin (Norveç, 2863) başçılıq etdiyi siyahıda Fabiano Karauna (İtaliya, 2802) ikinci olsa da, Aleksandr Qrişuk (Rusiya, 2794) 3-cü pilləni Hikaru Nakamuraya (ABŞ, 2798) təhvil verib.

 

FİDE, həmçinin rapid və blits növləri üzrə də reytinq cədvəlini yeniləyib. Sürətli şahmatçıların “100-lüy”ündə 4 təmsilçimiz yer alıb. Burada Şəhriyar Məmmədyarov (2766) 13-cü, Teymur Rəcəbov 22-ci (2741), Qədir Hüseynov (2709) 40-cı, Rauf Məmmədov (2681) 59-cudu. Siyahıya 2856 xalla italiyalı Fabiano Karuana başçılıq edir.

 

Blits növündə isə Məmmədyarovla Rəcəbov yenə 7-8-ci yerlərə şərikdi. Onların aktivində 2808 xalı var. Bu siyahıda Məmmədov 16-cı (2767), Eltaj Səfərli (2676) 74-cü, Hüseynov (2653) 92-ci pillədədi. Standart cədvəldə lider olan Karlsen (2948) burada da birincidi.

 

Qeyd edək ki, qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.