21:53 02-03-2015
news_image
3680
DÖYÜŞ NÖVLƏRİ

Bəxtiyar Abbasov dünya çempionuna qarşı - FOTO

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasov növbəti döyüşünə çıxacaq. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, həmyerlimiz martın 5-də Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq “Polad döyüşçülər” (“Stalnıe voinı”) adlı döyüş gecəsində iştirak edəcək.

 

O, ukraynalı Pavel Kuşla üz-üzə gələcək.

 

Abbasovun rəqibi indiyədək keçirdiyi 20 peşəkar döyüşdə 16 qələbə qazanıb, 4 dəfə məğlubiyyətə üzülüb. Kuş Ukraynanın “Combat-DOBRO” klubunun üzvüdü. 182 santimetr boya malik 27 yaşlı idmançı döyüşə - “Döyüşdə stil deyil, usta qalib gəlir” devizi ilə çıxır. Görüşlərini, əsasən, döyüş fəndləri ilə tamamlayan ukraynalı atlet boğucu fəndlərdən də məharətlə istifadə edir. Bəxtiyarın rəqibi kifayət qədər sanballı titulların sahibidi. Kuş beynəlxalq dərəcəli usta olduğu döyüş sambosu üzrə dünya və Ukrayna çempionu, peşəkar döyüş sambosu üzrə dünya kubokunun qalibi, qarışıq döyüş növləri (M-1) üzrə klublar arasında Ukrayna çempionatının (2009-cu il) qalibidi.

 

Boyu 177 santimetr olan Abbasovun 12-si qələbə, 4-ü məğlubiyyət olmaqla, 16 döyüş var. 29 yaşlı idmançımız 5 ildən artıqdır peşəkar MMA döyüşlərində çıxış edir. Ukraynalı rəqibindən fərqli olaraq o, “Ən yaxşılarla döyüş ki, yaxşıların yaxşısı olasan” devizini üstün tutur. İndiyədək 16 dəfə döyüşə çıxan Bəxtiyar görüşlərinin əksəriyyətini ilk raunddaca başa vurub.

 

O, 2011-ci ilin dekabrında “ProFC - Grand Prix Global Finals” yarışında Laslo Solteş üzərində qələbə qazandıqdan sonra “ProFC” kəmərinə sahib çıxıb. Bəxtiyar daha sonra “ECSF - MMA Grand Prix of Eastern Europe 2” turnirində fransalı Youness Mikiss üzərində parlaq qələbə qazanıb.

 

2013-cü ildə isə Bəxtiyar “Cage Warriors Fighting Championship 58” turnirində MMA-nın ən təcrübəli döyüşçülərindən biri, braziliyalı Çarls Andradeyə qalib gəlib. Azərbaycanlı döyüşçü titulları ilə öyünə bilər: PROFC-GPG çempionu, pankra-tion üzrə dünya çempionu, sambo üzrə dünya çempionu, döyüş sambosu üzrə dünya və Avropa çempionu, ciu-citsu üzrə dünya çempionu, əlbəyaxa döyüş üzrə dünya çempionu, sambo üzrə dünya kubokunun qalibi, Azərbaycan çempionu, cüdo üzrə Azərbaycan çempionu, beynəlxalq dərəcəli idman ustasıdı.