18:16 03-03-2015
news_image

Məhəmməd Qurbanov zirvədə

Ümumdünya Boks Seriyası (WSB) boksçuların yeni fərdi reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 7 turdan sonra “Baku Fires” klubunun 6 üzvü reytinqdə ön sıralardadı.

 

56 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Qurbanov 3 döyüşün hamısında qalib gələrək, 15 xalla 1-ci yerdədi.

Albert Səlimov çəkisi 60 kq olan boksçular arasında rusiyalı Adlan Aburaşidovla birgə 1-2-ci yerləri bölüşür. Hər iki boksçu 3 qələbə qazanıb və 15 xala malikdi.

 

Superağır çəki dərəcəsində liderlərdən sayılan Arslanbek Mahmudov da 1-2-ci yerləri bölüşür. Boksçumuz kimi “Astana Arlans”ın xorvatiyalı üzvü Filip Hrqoviçin də 3 qələbəsi və 15 xalı var.

 

London Olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev (64 kq) hazırda reytinqdə 3-cü pillədədi. Hesabında 15 xalı olan milli komandamızın üzvü kubalı Yasiner Toledo və italiyalı Vinçenzo Manqiakapredən geri qalır.

 

81 kq çəki dərəcəsində “Baku Fires” klubunda “1-ci nömrə” hesab olunan Soltan Migitinov 11 xal toplayaraq, ukraynalı Aleksandr Xiznyakla birgə 4-5-ci yerləri bölüşür. Bu çəkidə reytinqdə 1-ci yeri kubalı Xulio sezar la kruz Peraza tutur. İtaliyalı Valentino Manfredonia 2-ci, xorvatiyalı Hrvoje Sep isə 3-cüdü.

 

Abdulqadir Abdullayev bu mövsüm bütün görüşlərdə qalib gəlsə də, o hələ ki, 4-cü pillədədi. Ancaq boksçumuz ilk 3 yeri tutan idmançılardan 1 döyüş az keçirib. Abdullayev 3 qarşılaşmadan sonra 15 xala malikdi. İlk sıralarda isə polşalı İqor Yakubovski, kubalı Erislandi Savon və qazaxıstanlı Vasili Levitdi.

 

Qeyd edək ki, 49, 52, 69 və 75 kq çəki dərəcələrində boksçularımız reytinqdə ilk “beşliy”ə düşə bilməyiblər.

Ümumdünya Boks Seriyasının cari mövsümündən sonra 17 idmançı planetin ən böyük yarışında iştirak etmək hüququ əldə edəcək. 49, 91 və super ağır çəki dərəcələrində bir, digər çəkilərdə isə 2 idmançı Olimpiya vəsiqəsinə sahib olacaq.