18:50 04-03-2015
news_image
358
DİGƏR NÖVLƏR

Azərbaycanın mütləq çempionları bəllidi - FOTO

Gimnastika üzrə açıq Azərbaycan çempionatının (birgə) ilk gününə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Avropa Oyunlarına test xarakterli yarışın 1-ci günü yığmamızın üzvlərinin parlaq qələbəsi ilə yadda qalıb.

 

Belə ki, kişi gimnastların çoxnövçülük yarışı təmsilçimiz Oleq Stepkonun qələbəsi ilə nəticələnib – 90.600 xal. İkinci yeri digər idman gimnastımız Petro Paxnyuk tutub (88.055). İlk “üçlüyü” London Olimpiadasının mükafatçısı Filip Ude tamamlayıb (86.100).

 

Qadın idman gimnastların yarışında da qızıl medal ölkəmizdə qalıb. Millimizin digər üzvü – Kristina Pravdina bütün rəqiblərini üstələyib. O, 50.339 balla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız bununla Stepko kimi mütləq Azərbaycan tituluna da yiyələnib.

 

Qadınların mübarizəsində gümüş və bürünc medallara, müvafiq olaraq, türkiyəli Tutya Yılmazla (50.131) Demet Mutlu (49.332) yiyələnib.

 

Çempionatın ikinci günündə batut, aerobika, bədii gimnastika və akrobatika yarışları keçiriləcək. Yarışın son günü – martın 6-da isə bütün 6 növ üzrə mübarizə gedəcək.

 

Qeyd edək ki, yarışda 22 ölkədən 133 gimnast iştirak edir.