15:52 06-03-2015
news_image
347
DİGƏR NÖVLƏR

"Synergy Baku" Asiya turunda

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Asiya turlarına start verir. Apasport.az saytının məlumatına görə, təmsilçimiz martın 8-15-də Malayziyada keçiriləcək Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2-ci kateqoriyalı çoxgünlük "Le Tour de Langkawi" yürüşündə mübarizə aparacaq.

 

21 komandanın iştirak edəcəyi 8 mərhələdən ibarət yürüşdə "Synergy Baku" 5 velosipedçi ilə təmsil olunacaq. Bunlar Elçin Əsədov, Ənvər Asanov, Elgün Əlizadə, Samir Cəbrayılov və Aleksandr Surutkoviçdi. Yarış xüsusən Azərbaycanın 23 yaşadək velosipedçilərdən ibarət yığma komandasının üzvləri, Bakı-2015 ilk Avropa Oyunlarında iştiraka namizəd olan Elgün, Samir və Ənvər üçün təcrübə toplamaq baxımından böyük əhəmiyyət daşıyır. Yeri gəlmişkən, 18 yaşlı Əlizadə yürüşün ən gənc 2 iştirakçısından biridi.

 

8 gün ərzində iştirakçılar ümumilikdə 1118 km məsafə qət edəcəkər. Builki yarışda Böyük Britaniyanın "Team Sky", Qazaxıstanın "Astana", Avsrtaliyanın "Orica GreenEDGE", Rusyanın "Tinkoff-Saxo" kimi Dünya Turu komandalarının, həmçinin 7 Prokontinental kollektivin iştirakını nəzərə alsaq, mübarizənin kifayət qədər gərgin keçəcəyini əvvəlcədən söyləmək olar.