18:09 12-03-2015
news_image
4378
TOP OYUNLARI

“Rabitə” yarımfinala yüksəldi - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”unun cavab oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, mərhələnin son oyun günündə Azərbaycan çempionu “Rabitə” də meydana çıxıb.

 

Azərbaycan çempionu yarımfinal yolunda son görüşündə Fransa “Beziers”ini sınağa çəkib. Səfərdə qazandığı 3:1 hesablı qələbə ilə cütün taleyinə böyük ölçüdə aydınlıq gətirən bakılılar doğma publika önündə də gücünü nümayiş etdirib.

 

Belə ki, Zoran Qayiçin yetirmələri yarımfinala vəsiqə üçün vacib olan 2 seti çətinlik çəkmədən qazanıb. Hər iki hissədə texniki fasilələrə də öndə yollanan təmsilçimiz bununla da iki matçın nəticəsinə əsasən qələbəni rəsmiləşdirib.

 

“Rabitə”nin yarımfinala vəsiqənin qazanmasından sonra azarkeşlər qonaqların fəallaşmasının şahidi olublar. Lakin fransalıların gücü yalnız 3-cü setin ilk yarısında Azərbaycan çempionu ilə bərabər oynamağa kifayət edib. Bundan sonra yenidən üstün oyun nümayiş etdirən “Rabitə” rəqibini meydandan darmadağınla yola salıb. 

 

CEV kuboku

Çelenc raund, cavab oyunu

12 mart

“Rabitə” (Azərbaycan) - “Beziers” (Fransa) - 3:0 (25:16, 25:22, 25:17)

Hakimlər: Nikos Evqeniuo (Kipr), Voyçieç Maroşek (Polşa)

Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi

 

İlk oyun: “Beziers” (Fransa) – “Rabitə” (Azərbaycan) - 1:3 (22:25; 28:26; 14:25; 21:25)