16:29 12-03-2015
news_image

Dadaşovun Bakı klubunda debüt edəcəyi matç dəqiqləşdi

Martın 14-də Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) IX turunun görüşü keçiriləcək. Apasport.az saytının məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən “Baku Fires” klubu “Caciques Venezuela” komandası ilə qarşılaşacaq.

 

Venesuela klubu ilə qarşılaşmada komandamızın heyətində Cavid Dadaşov debüt edəcək. Dadaşov 2013-cü ildə gənclər arasında Azərbaycan birinciliyinin finalçısı olub.

 

Qonaq komandanın 49 və 56 kq çəki dərəcələrindəki boksçuları reytinqdə yüksək yerlər tutsalar da, onlar Qubaya gəlməyiblər. Görünür, “Caciques Venezuela” klubunun məşqçiləri həmin idmançıları doğma divarlar arasında keçiriləcək görüşlərə hazırlayırlar.

 

Venesuela klubunda 75 kq çəki dərəcəsində Barrera Korbaj liqada ilk döyüşünə çıxacaq. Məhəmməd Qurbanovun rəqibi olacaq Rodrigez də WSB liqasında ilk görüşünü Qubada keçirəcək.

 

Fərdi reytinqdə liderlər sırasında olan Qurbanov, Hacəliyev və Abdullayev növbəti qələbələrini qazanaraq, mövqelərini bir qədər də yaxşılaşdıra bilərlər.

 

“Baku Fires” – “Caciques Venezuela”

49 kq. Cavid Dadaşov – Martinez Kordova

56 kq. Məhəmməd Qurbanov – Villaviçenzio Rodriges

64 kq. Heybətulla Hacəliyev – Arkon Dias

75 kq. Jaba Xositaşvili – Barrera Korbaj

91 kq. Əbdülqədir Abdullayev – Villi Kyakone

 

Qeyd edək ki, komandamız səfərdə “Caciques Venezuela” klubuna 2:3 hesabı ilə məğlub olub.

 

Bu həftə B qrupunda “Astana Arlans” doğma divarlar arasında “Rafako Hussars Poland”ı qəbul edəcək. “Puerto Rico Hurricanes” “Argentina Condors”u qonaq edəcək. USA “Knockouts” isə səfərdə “İtalia Thunder”lə üz-üzə gələcək.

 

Turnir cədvəli

1. “Astana Arlans” – 24 xal, (döyüşlərin nəticələri 32-8)

2. USA “Knockouts” – 19, (25-15)

3. “Baku Fires” – 17, (26-14)

4. İtalia Thunder” – 13, (20-19)

5. “Venezuela Caciquez” – 11, (16-24)

6. “Puerto Riko Hurricanes” – 11, (16-24)

7. “Rafako Hussars Poland” – 10, (17- 23)

8. “Argentina Condors” – 1, (7-32)

 

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.