17:49 12-03-2015
news_image
453
DİGƏR NÖVLƏR

Xəzərdə kubok - FOTOSESSİYA

Azərbaycan Velosiped İdmanı Federasiyası və Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə bu gün "Bakı-2015 Avropa Oyunları bizim tarixi nailiyyətimizdir" devizi altında "Məktəbli Kuboku" yarışı keçirilib. Apasport.az saytının məlumatına görə, Mərdəkanda təşkil olunan turnirdə rayonun 16 məktəbinin komandası mübarizə aparıb.

 

Reqlamentə görə, kollektivlər hər birinin tərkibində 3 oğlan və 1 qız iştirakçı olmaqla, estafet sistemi üzrə yarışıblar. Yarımfinal mərhələsinin yekununa əsasən finalçılar müəyyənləşib. Həlledici yürüşdə isə hər məktəbdən 1 iştirakçı qalib adı uğrunda mübarizə aparıb. Nəticələrə gəlincə, 7 saylı məktəbin velosipedçiləri ən yaxşı nəticə göstərməklə "Məktəbli Kuboku"nun qalibi olublar. 11 saylı məktəbin komandası 2-ci, 1 saylı məktəbin təmsilçiləri isə 3-cü yeri tutub. İlk 3 yeri tutan komandalar AVİF tərəfindən müvafiq olaraq 200, 150 və 100 manat pul mükafatı, həmçinin kubok, medal və diplomla təltif ediliblər. Qaliblərə mükafatı AVİF-in baş katibi Fərhad Əliyev və Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev təqdim edib.

 

Qeyd edək ki, federasiya tərəfindən ötən ilin dekabrında Nərimanov, bir neçə gün öncə isə Səbail rayonunun məktəbləri arasında da pilot layihəli "Məktəbli Kuboku" turniri təşkil edilmişdi. Bütün bu yarışlar ümumrespublika "Məktəbli Kuboku" turnirinə hazırlıq xarakteri daşıyır.