16:04 19-03-2015
news_image
501
STOLÜSTÜ OYUNLAR

“Shamkir Chess-2015” canlı yayımlanacaq

“Synergy Group”un təşkilatçılığı və sponsorluğu ilə Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2015” turniri ilə bağlı bir sıra işlər artıq öz həllini tapıb. Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, ötən il olduğu kimi, bu il də canlı izlənəcək “Shamkir Chess 2015” üç dildə yayımlanacaq.

 

Azərbaycan dilində partiyaları vaxtı ilə Həşimovun məşqçisi olan, FİDE məşqçisi, Azərbaycanın əməkdar məşqçisi Anar Allahverdiyev və yeniyetmələr üzrə millinin məşqçisi, qrossmeyster Fərid Abbasov təqdim edəcək. Həşimovun sekundantı və məşqçisi Viorel İordakesku rus dilində, ingilis dilində isə ukraynalı qrossmeyster, FİDE şərhçisi Evqeni Miroşniçenko şərh edəcək.

 

Qeyd edək ki, dünyanın ən güclü şahmatçılarından olan Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik, Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşi-Lagrav, o cümlədən, azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarovla, Teymur Rəcəbov və Azərbaycan çempionatının son qalibi Rauf Məmmədov Şəmkir turnirinin qalibini müəyyən edəcəklər. Bu “Shamkir Chess-2015”in geniş yayımlanması və yayılması üçün mükəmməl bir vasitə olacaq.

 

Yaxın günlərdə www.shamkirchess.az veb səhifəsi də yeni versiyada ictimaiyyətə təqdim olunacaq. Super-turnir ilə bağlı ətraflı məlumat, adı çəkilən şahmatçıların Şəmkirdə keçirdiyi vaxt və eyni zamanda oyunları canlı izləmək üçün burada xüsusi pəncərə yaradılıb. Əlavə olaraq www.chess.com veb-səhifəsi də aprelin 16-26-da bu turniri canlı izləmək imkanı yaradacaq.

 

“Shamkir Chess-2015”in dünyadan böyük maraqla qarşılandığını nəzərə alaraq, sosial mediadan geniş şəkildə istifadə olunur. “ShamkirChess2015” facebook, twitter və instagram səhifələri mütəmadi olaraq yenilənir və şahmatsevənlərin sualları cavablandırılır.

 

"Synergy Group" olaraq biz hər zaman davamlı gələcəyə doğru peşəkar və sistematik addımlar atır və cəmiyyətin inkişafına töhfə veririk”. Bir daha qeyd etmək istərdik ki, “Shamkir Chess-2015” 16 aprel tarixində Şəmkir şəhərində Heydər Əliyev adına mərkəzində başlayacaq və 10 gün davam edəcək.