22:22 24-03-2015
news_image
9278
TOP OYUNLARI

"Rabitə" Krasnodardan məğlub qayıdır

Bu gün qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, final mərhələsinə gedən yolda Azərbaycan çempionu “Rabitə” ilk matçına səfərdə çıxıb.

 

Bakı klubu yarışın favoritlərindən sayılan Krasnodar "Dinamo"sunun qonağı olub. Gərgin keçən ilk duel rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Belə ki, kəşfiyyatla başlayan matçın ilk seti ev sahiblərinin qələbəsi ilə başa çatıb. Lakin 5 top fərqi ilə uduzan Azərbaycan çempionu ardınca təşəbbüsü ələ alıb. İkinci hissədə öz oyununu tapan voleybolçularımız status-kvonu bərpa etməkdə çətinlik çəkməyiblər - 1:1.

 

Üçüncü set komandamızın üstünlüyü ilə başlayıb. Texniki fasilələrə də üstün yollanan Bakı təmsilçisi son anda səhvlərinin qurbanı olub. Yerli publikanın dəstəyindən ruhlanan "Dinamo" yenidən önə keçib - 2:1.

 

Zoran Qayiç dördüncü hissədə bir sıra dəyişikliyə əl atıb. Təcrübəli mütəxəssisin gedişləri özünü doğrultsa da, sonda yenə oyunçularımız irəlidə olduğu hissəni uduzublar və bununla da yarımfinal mərhələsinin ilk oyunu rəqibin aktivinə yazılıb.

 

Lakin Zoran Qayiçin komandaya dönüşündən sonra 8 qələbənin ardından ilk dəfə meydanı məğlub terk edən "Rabitə" final şansını qoruyur. Komandamız martın 28-də ruslara 3:0 və ya 3:1 hesabı ilə qalib gələcəyi halda, cütün taleyini "Qızıl set"ə daşıya bilər. Çünkü Bakıda azarkeşlərini daima qələbə ilə sevindirən  təmsilçimizin Krasnodar “Dinamo”suna da acı anlar yaşadacağı gözlənilir.

 

Bununla da  “lotereya”da əlavə psixoloji üstünlük qazanacaq “Rabitə” rəqibi ilə müqayisədə finala bir addım yaxın olacaq.

 

Qeyd edək ki, CEV kubokunun digər yarımfinal oyununda Polşa “Atom”u Türkiyə “Qalatasaray”ı ilə üz-üzə gəlib. İstanbul təmsilçisi ilk görüşdə 0:3 ( 20:25; 22:25; 19: 25) hesabı ilə məğlub olub.

 

 

CEV kuboku

1/2 final, ilk oyun

“Dinamo” (Rusiya) – “Rabitə” (Azərbaycan) - 3:1 (25:20; 18:25; 25:23; 25:22)

Hakimlər: Ahti Huntaniska (Finlandiya), Stefan Qrieder (İsveçrə)

Krasnodar, “Olimp” İdman Sarayı