16:11 27-03-2015
news_image
4665
TOP OYUNLARI

“Rabitə” üçün vacib oyun: Azərbaycan çempionu finalın bir addımlığında

Sabah qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsinin cavab matçları oynanılacaq. Apasport.az saytının məlumatına görə, finala gedən yolda Azərbaycan çempionu “Rabitə” də meydana çıxacaq.

 

Avrokubokda yeganə təmsilçimiz Krasnodar “Dinamo”sunu qəbul edəcək. Qarşılaşma Bakı klubu üçün xüsusi əhəmiyyət daşıyır. Çünki səfərdə ruslara 1:3 hesabı ilə uduzan “Rabitə” yoluna davam etmək üçün 1 setdən artıq uduzmamalıdı.

 

Zoran Qayıçin qayıdışından sonra ilk dəfə “Dinamo”ya məğlub olan komandamız ikinci matçında bunun revanşını almaq arzusundadı. “Sərhədçi” Olimpiya Mərkəzində daima azarkeşlərini sevindirən “Rabitə” qələbə ilə yeni tarix yazmağı da hədəfləyib. Çünki indiyədək 2 dəfə Çempionlar Liqasının finalında oynayan, CEV kubokunda hələlik bürünc medala yiyələnən paytaxt təmsilçisi “Dinamo” səddini aşarsa, rekordunu yeniləyəcək.

 

Amma bunun heç də asan olmayacağı gözləniləndi. Çünki komandamıza əsas oyunda 3:0 və ya 3:1 hesablı qələbə vacibdi. Belə olacağı halda cütün taleyinə “Qızıl set” aydınlıq gətirəcək. Əks halda, CEV kubokunun və Rusiya Super Liqasının favoritlərindən olan “Dinamo” Bakıdan finalçı kimi qayıdacaq.

 

Düzdü, rəqibin öncə 2 set qazanmağa çalışacağı, bunu bacarmayacağını hiss etdikdə, “Qızıl set”ə bel bağlayacağı gözləniləndi. Lakin komandamız revanş alarsa, “lotereya”da da üstün tərəf olacaq və ilk dəfə CEV kubokunun həlledici görüşündə oynayacaq.

 

28 mart

CEV kuboku

Yarımfinal mərhələsi, cavab oyunu

17:00. “Rabitə” (Azərbaycan) – “Dinamo” (Rusiya, Krasnodar)

Hakimlər: Çavdar Maryev (Belarus), Qyula Tillmann (Macarıstan)

Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi

 

İlk oyun: “Dinamo” – “Rabitə” - 3:1 (25:20; 18:25; 25:23; 25:22)

 

Qeyd edək ki, digər yarımfinal cütündə "Qalatasaray" (Türkiyə) "Atom"u (Polşa) qəbul edəcək. Bu komandaların ilk duelində Sopot təmsilçisi 3:0 hesabı ilə qələbə qazanıb.