23:00 29-03-2015
news_image

Avropa Kubokunda rekord nailiyyət

İtaliyanın Linyano şəhərində gənc cüdoçular arasında Avropa Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, iki gün davam edən yarışda 25 ölkədən 416 idmançı qüvvəsini sınayıb.

 

Apennin yarımadasında 5 qızıl, 1 gümüş, 3 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında Avropanın ən yaxşısı olub. Bütün mükafatlarını kişilərin yarışında əldə edən yığmamızın qələbəsində “Qəbələ” İdman Klubunun böyük payı olub.

 

Belə ki, klubun Avropa Kubokuna yollanan millidə yer alan hər üç cüdoçusu yarışı medalla başa vurub. Təmsilçilərimiz İtaliyada 2 qızıl və 1 gümüş əldə edib ki, bu da “Qəbələ”nin bu miqyaslı yarışlarda qazandığı ən yüksək nailiyyətdir. Rekorda Rüfət Tağızadə (60 kq) gümüş, Cəlil Şükürov (100 kq) və Rüfət İsmayılov (81 kq) isə qızıl medalla töhfə verib.

 

Yarışın ilk günündə tatami üzərinə çıxan Tağızadə 5 qələbə qazandıqdan sonra yalnız finalda məğlub olub. Bu gün qüvvəsini sınayan cüdoçularımız isə ən güclü olduqlarını sübut edib. İsmayılov 5, Şükürov 4 görüşdə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

 

Qeyd edək ki, paralel olaraq Türkiyənin Samsun şəhərində keçirilən böyüklər arasında Qran-Pri yarışlarında “Qəbələ”nin digər cüdoçusu Uşangi Kokauri də qüvvəsini sınayıb. İlk 3 mərhələni uğurla adlayan idmançımız 3-cü yer uğrunda görüşdə məğlub olaraq, mükafatçılar sırasına düşə bilməyib.