11:24 30-03-2015
news_image

Azərbaycan millisi Moskvadan 8 medalla qayıdır

Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin şərəfinə sambo üzrə keçirilən Dünya Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, Avropa Oyunlarına hazırlığın növbəti mərhələsi kimi bu yarışa qatılan Azərbaycan millisi 8 medal qazanıb.

 

Komandamızın heyətində ən yaxşı nəticəni Amil Qasımov (74 kq) göstərib. O, bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda uduzan Nəsimi Umbayevlə (52 kq) Emil Həsənov (68 kq) gümüş medalla kifayətlənib.

 

Millimizin heyətində bürünc medal qazananlar sırasında əsas diqqəti cəlb edən Mövlud Mirəliyevdi (100 kq). Pekin-2008-in cüdo yarışında bürünc medal qazandıqdan sonra karyerasını başa vuran, ardında Avropa Oyunlarında samboda gücünü yoxlamağa qərar verən təmsilçimiz Dünya Kubokunda da üçüncü olub.

 

Onunla yanaşı, Elmuraz Qasımov (100 kq) və Bəxtiyar Abbasov  (90 kq) da bürünc medala layiq görülüb.

 

Döyüş sambosunda isə Elnur Əhmədov (62 kq) və Kənan Qasımov (90 kq) ilk “üçlüyü” qapayıb.  

 

Qeyd edək ki, yarışda ümumilikdə 34 ölkədən 250 samboçu gücünü yoxlayıb.