11:39 30-03-2015
news_image
5026
DÖYÜŞ NÖVLƏRİ

3 boksçumuz Rio-de-Janeyro Olimpiadasının bir addımlığında

Ümumdünya Boks Seriyası (WSB) XI turdan sonra fərdi reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Baku Fires” klubunun üzvləri Məhəmməd Qurbanovla Albert Səlimov öz çəkilərində siyahıya başçılıq edirlər.

 

Heybətulla Hacəliyev isə Polşada qələbə qazandıqdan sonra 2-ci yerə yüksəlib.

 

56 kq çəki dərəcəsində mübarizə aparan Qurbanov 5 görüşdən sonra topladığı 25 xalla siyahıda birincidi. Onun ən yaxın izləyicisi irlandiyalı Maykl Konlanın 21 xalı var. Bu çəkidə 2 idmançı Rio-de-Janeyro Olimpiadasına lisenziya alacağından, boksçumuzun böyük şansı var.

 

Səlimov da (60 kq) olimpiadaya vəsiqə qazanmağa çox yaxındı. 5 görüşdən sonra 25 xal toplayan boksçumuz kubalı Lazaro Estrada (22 xal) və əlcəzairli Reda Benbazizi (18 xal) qabaqlayır.

 

Hacəliyev (64 kq) reytinqdə 2-ci pillədəki mövqeyini möhkəmləndirib. Son görüşdə polşalı boksçunu məğlub edən həmyerlimiz 5 döyüşdən sonra 25 xal toplayıb. İtaliya nümayəndəsi Vinçenzo Maniaqapre eyni göstəriciyə malik olsa da, 1-cı sıradadı. Meksikalı Raul Qarsiya və kubalı Yasiner Toledo 3-4-cü yerləri bölüşürlər. Bu çəkidə də 2 boksçu lisenziya qazanacağından 4 boksçunun da Olimpiada vəsiqəsinə sahib olmaq şansı qalır.

 

69 kq çəki dərəcəsində yarışan Pərviz Bağırov 16 xalla 4-cü yeri tutur. Boksçumuz lider Rəcəb Butayevdən (Rusiya) 9 xal geri qalır. Bu çəkidə 2-ci yeri hesabında 24 xal olan mərakeşli Məhəmməd Rabii tutur.

 

Bu mövsüm bütün görüşlərdə qələbə qazanan Abdulqadir Abdullayev (91 kq) reytinqə 3-cü sıradadı. “Baku Fires” klubunun üzvü 5 qarşılaşmadan sonra 25 xal toplayıb. Qazaxıstanlı Vasili Levit və kubalı Erislandi Savon 28 xalla 1-2-ci yerləri bölüşdürsələr də, bu boksçular millimizin üzvündən bir görüş çox keçiriblər. Bu çəkidə 1 idmançının lisenziya alacağını nəzərə alsaq, Abdullayevə çətin olacaq.

 

Superağır çəki dərəcəsində Arslanbek Mahmudov 19 xalla 4-cü pillədədi. Amma boksçumuz ilk 3 yeri tutan rəqiblərinin hamısından 1 görüş az keçirib. Siyahıya 25 xalı olan Filip Hrqoviç başçılıq edir. Böyük Britaniya təmsilçisi Cozef Coys 2-ci yerdədi.

 

Qeyd edək ki, 49, 91 və +91 kq çəki dərəcələrində reytinqdə 1-ci olacaq boksçular, digər çəkilərdə isə 1-2-ci yerləri tutacaq idmançılar Rio de Janeyro Olimpiadasına vəsiqə qazanacaqlar.