13:06 02-04-2015
news_image
563
TOP OYUNLARI

Ulduzlar “APA Holdinq”də - FOTO

“Azəryol” klubunun aparıcı voleybolçuları bu gün “APA Holdinq”in qonağı olublar. Apasport.az saytının məlumatına görə, qonaqlar redaksiyamızla tanış olub, əməkdaşlarımızla fikir mübadiləsi aparıblar.

 

Komandanın baş məşqçisi Ceyson Haldan Bakı təmsilçisinin çıxışını şərh edərək, pley-off və final mərhələləri barədə müsahibə verib. Kanada millisinin sabiq voleybolçusu “Azəryol”da gələcək karyerası barədə də danışıb.

 

Azərbaycan yığmasının və “Azəryol”un kapitanı Oksana Parxomenko da baş məşqçisi ilə həmfikir olub. Toppaylayıcı millimizin Avropa çempionatının pley-off mərhələsində Slovakiya ilə matç və Avropa Oyunları barədə proqnozlarını verib.

 

Serbiyalı Yovana Brakoçeviç Çempionlar Liqasında mübarizəni dayandırmalarının və Super Liqada ikinci yeri tutmaların səbəblərindən danışıb. “Vakıfbank”la Çempionlar Liqasının kubokunu başı üzərinə qaldıran ulduz oyunçu, həmçinin analoji yarışın “Dördlər finalı”nda favoritini açıqlayıb və İstanbul təmsilçisinin şanslarını dəyərləndirib.

 

Yığmamızın ən gənc üzvlərindən olan, “Azəryol”da inamlı təsir bağışlayan libero Ceyran Əliyeva azərbaycanlı gənclərin aparıcı komandalarımızda möhkəmlənməsindən, yeni nəslin yetişməsindən və komandasında hansı yerli oyunçunu görməsindən danışıb. Bundan əlavə, Avropa Oyunlarının idman elçisi olan Əliyeva aparacağı təbliğat barədə ətraflı məlumat verib.

 

Qonaqlarımızın hər birinin müsahibəsi ilə irəliləyən saatlarda tanış olacaqsız.