14:45 02-04-2015
news_image
4937
TOP OYUNLARI

“Azəryol”un baş məşqçisi: İndidən final haqda fikirləşmirik - MÜSAHİBƏ

“Azəryol” voleybol klubunun baş məşqçisi Ceyson Haldanın apasport.az saytına müsahibəsi

 

- Azərbaycan Super Liqasının əsas mərhələsinə yekun vuruldu. Pley-offa ikinci yerin sahibi kimi vəsiqə qazanan komandanızın əsas mərhələdə çıxışını necə dəyərləndirərdiz?

- Bəli, artıq bu mərhələ arxada qalıb. Məqsədimiz növbəti matçlarda daha inamlı oynamaqdı. Pley-off mərhələsinə hazırlıqlar yüksək səviyyədə gedir. İstəyirik ki, növbəti görüşlərdə özümüzü yaxşı tərəfdən göstərib, mövsümü uğurla başa vuraq.

 

- Komandanın “sükanı arxası”na gec keçməyiniz sizə çətinlik yarada bilərmi? Çünki rəhbərliyiniz altında meydana çıxan “Azəryol” 3 qarşılaşmanın ikisində məğlub olub...

- Mənim üçün hansısa problemin yaranacağına inanmıram. Çünki müəyyən müddətdi komandanı tanıyıram və voleybolçuların gücünə bələdəm. Hansısa çətinlik adətən komanda üçün olur. Fikrimcə, biz bunu yaşamayacağıq. Düzdü, komanda çox dəyişikliklər olub. Bunlara baxmayaraq, öz oyunumuzu göstərəcəyimizə ümid edirəm.

 

- “Azəryol” pley-offda əsas mərhələdə 2 dəfə qalib gəlib, 2 dəfə uduzduğu “Lokomotiv”lə üz-üzə gələcək. Sizcə, cütün favoriti kimdi?

- Onu deyə bilərəm ki, bu qarşılaşmalarda “Azəryol”u yalnız qələbə qane edəcək və hədəfimiz də budu. Komandamız ulduz voleybolçulardan cəmlənib, çox güclüdü. Görüşə daha yaxşı hazırlaşıb, bunu oyunda da sübuta yetirmək arzusundayıq.

 

- Amma finalda sizi heç də asan rəqib gözləməyəcək. Digər yarımfinal - “Rabitə” – “Azərreyl” cütündə son illərin dəyişməz ölkə çempionunun mərhələ adlayacağı mütəxəssislərdə şübhə doğurmur...

- İndidən final haqda fikirləşmirik. Bütün diqqətimizi yalnız və yalnız “Lokomotiv”lə görüşə kökləmişik. Pley-offu adladıqdan sonra bu barədə danışmaq olar. Çünki finala yüksələcəyimiz halda, “Rabitə”nin oyunlarını analiz edib, onlara qarşı hazırlaşacağıq.

 

- “Rabitə” də  finala yüksələrsə, 7-ci çempionluğuna doğru irəliləyəcək. 6 illik sindromu qırmaq üçün planlarınız nə olacaq?

- Güclü komandalara qalib gəlmək həmişə çətindi. Lakin komandama əminəm. Çalışacağıq ki, daha yaxşı oynayıb, güclü tərəf olar.

 

- Çempionluq növbəti mövsümdə sizə “açar” rolunu da oynaya bilər. Yəni, müvəqqəti və mövsümün sonuna kimi olan müqaviləniz artırıla bilər. Bu, sizə əlavə stimul verirmi?

- Bu, klub rəhbərliyindən və menecerindən asılıdı. Çünki hər bir qərarı onlar verir və komandanı da rəhbərlik müəyyənləşdirir.

 

- Qərarda menecerin rolunu da xüsusi vurğuladız. “Azəryol”da bu funksiyanı həyat yoldaşınız Yelena Şabovtanın yerinə yetirdiyini nəzərə alsaq, bu barədə onunla danışığınızın baş tutduğunu demək olarmı?

- Xeyr, onunla bu barədə hansısa söhbətim olmayıb. Hazırda hamımızın əsas məqsədi həlledici mərhələlərdə uğurlu çıxış etməyə hesablanıb. Adətən belə qərarlar mövsüm başa çatdıqdan sonra verilir.

 

 

- Siz Kanada millisinin heyətində 300-dən çox matçda oynamısız. Qarşıda Azərbaycan millilərini Avropa Oyunları kimi möhtəşəm yarış gözləyir. Komandalarımız barədə proqnozlarınız necədi?

- Bu, böyük və Avropa qitəsində ilk yarışdı. Çünki London Olimpiadasında oynadığımdan deyə bilərəm ki, bu cür Oyunlarda mübarizə çox gərgin alınır. Qadınlardan ibarət Azərbaycan yığmasını yaxından tanıyıram. Fikrimcə, bu komanda yarışda özünü yaxşı tərəfdən göstərib, qalib gəlmək gücündədi.