16:48 02-04-2015
news_image
769
DİGƏR NÖVLƏR

Mingəçevirdə Avropa Oyunlarının avarçəkmə yarışlarına hazırlıqla əlaqədar sınaq yarışları keçiriləcək

“Mingəçevir şəhərində yarışların keçiriləcəyi obyektlərdə əldə edilən irəliləyişlər məni heyran edib”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin avarçəkmə üzrə yarış meneceri Jean Jerome Perrin deyib.

 

Mingəçevirdə "Kür" Olimpiya Tədris İdman Mərkəzində yarışlara hazırlıqla əlaqədar görülən işlər barədə danışan Perrin bildirib ki, obyektlər Oyunlar zamanı idmançıların ən yüksək şəkildə çıxış etməsinə imkan yaradacaq: “Birinci Avropa Oyunlarının həyata keçirilməsi üçün Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinə qısa vaxt verilməsinə baxmayaraq, əminik ki, gərgin işlər nəticəsində obyektin qrafik üzrə və yüksək standarta cavab verəcək şəkildə tamamlanmasını təmin edəcəyik".

 

Obyektlərin Avropa Oyunlarının tələblərinə uyğun olması və yüksək standartlara cavab verməsi üçün hazırda mövcud obyektdə geniş təkmilləşdirmə işləri gedir. İyunun 14-16-da "Kür" Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin kayak və kanoe növləri üzrə yarışlar keçiriləcək. Yarışda 37 ölkədən 350-dən çox kişi və qadın idmançının iştirakı gözlənilir.

 

Perrin bildirib ki, ümumi hazırlıq işləri çox yüksək səviyyədə davam edir: “Biz hazırda şəhərdə könüllülər və texniki işçilər üçün treninqlər təşkil edirik. Əsas məqsədimiz Avropa Oyunları zamanı könüllülərin necə hərəkət etməsi və hansı işləri görməsi üçün onları daha təcrübəli etməkdi. Oyunlar vaxtı idman yarışlarının təşkili ilə bağlı 100 nəfər könüllü xidmət göstərəcək. Amma idman yarışlarından əlavə başqa işləri də görəcək daha 300 nəfər könüllümüz olacaq”.

 

O, idmançıların Mingəçevirə iyunun 10-11-də gələcəyini bildirib. “Kür sahilində və əsas yarış zonasında hazırlıq işləri başa çatmaq üzrədir. Burada 1000-ə yaxın tamaşaçı üçün oturacaq quraşdırılıb. Burada idmançıların istirahət zonası təşkil olunur, çadırlar qurulur, şəhərdə müxtəlif tədbirlərin keçirilməsi üçün hazırlıq işləri görülür. Kür çayı sahilində tikinti-abadlıq işləri davam etdirilir, yaşıllaşdırma tədbirləri görülür, Hazırda biz sınaq yarışına hazırlaşırıq. Azərbaycan Milli Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə aprelin 3-5-də Mingəçevirdə keçiriləcək sınaq yarışlarında Azərbaycan, Türkiyə və Gürcüstandan 100-ə yaxın avarçəkən iştirak edəcək”.