13:21 06-04-2015
news_image
346
DİGƏR NÖVLƏR

Azərbaycan gimnastları Rumıniyada 9 medal qazanıb

Rumıniyada bədii gimnastika üzrə keçirilən Dünya Kubokunun növbəti mərhələsi başa çatıb. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan yığmasının lideri Marina Durunda hər dörd finala çıxaraq, lentlə hərəkətlərə görə bürünc medal qazanıb.

 

Top və halqa ilə icra olunmuş hərəkətlərə görə gimnastımız 4-cü yerdə, ümumi 4 çıxışının nəticələrinə əsasən isə 5-ci yerdə qərarlaşıb.

 

Digər təmsilçimiz Gülsüm Şəfizadə isə gürzlər və lent ilə finallara çıxıb, lakin medal qazanmağın bir neçə addımlığında dayanıb.

 

Rumıniyanın paytaxtını Buxarestdə Dünya Kuboku ilə eyni zamanda keçirilən beynəlxalq turnirdə iki gimnastımız - Ayşən Bayramova və Jalə Piriyeva fərqləniblər.

 

Senior gimnastımız Ayşən Bayramova yüksək nəticə göstərərək, çoxnövçülükdə 3-cü olub. Həmçinin halqa və gürzlər ilə icra olunmuş hərəkətlərə görə iki gümüş medal qazanıb. Jalə Piriyeva dörd hərəkətin yekunlarına əsasən yeniyetmələr arasında 2-ci olub, həmçinin halqa ilə finalda ən yaxşı nəticəni göstərdi. Bundan əlavə, onun hesabında iki gümüş (top və iplə) və bir bürünc medal (gürzlər ilə) oldu.