08:05 07-04-2015
news_image
361
FUTBOL

“Qəbələ”nin futbolçusu İtaliyada mükafatlandırıldı

“Qəbələ”nin 17 yaşlılardan ibarət komandasının da iştirak etdiyi beynəlxalq turnir başa çatıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” “A.S.D. Borgaro 1965” klubunun təşkilatçılığı ilə İtaliyada keçirilən “Mario Maggoni – Walter - Richi” turnirində 3 oyunda qüvvəsini sınayıb.

 

Turin şəhərində sayca 36-cı dəfə keçirilən turnirin qrup mərhələsində təmsilçimiz adlı-sanlı “Sampdoriya” və “Parma”, həmçinin təşkilatçı klubla üz-üzə gəlib. Baş məşqçi Ramin Quliyev və köməkçisi Emin İmaməliyevin rəhbərlik etdiyi kollektiv genuyalılara 0:1, parmalılara 0:2 hesabı ilə uduzub. Şimallılar turniri meydan sahibləri ilə qolsuz heç-heçə edərək başa vurub.
 

Yalnız qrup qalibləri və ikinci yerlər arasında ən yaxşı nəticəyə malik komanda yarımfinala yüksəldiyindən, “Qəbələ” qrup səddini adlaya bilməyib. Turnirin qalibi adına isə finalda “Atalanta”nı 3:0 hesabı ilə məğlub edən “Sampdoriya” layiq görülüb. Mükafatlandırma mərasimində “Qəbələ”nin futbolçusu Hacıağa Hacıyev də fərqlənənlərdən biri olub. O, yarışda iştirak edən xarici klubların heyətində ən yaxşı futbolçu kimi fəxri kubokla mükafatlandırılıb. 12 komandanın çıxış etdiyi turnirdə “Qəbələ”dən başqa, İsveç təmsilçisi “Höteborq”da qüvvəsini sınayıb.