17:55 07-04-2015
news_image
2654
DİGƏR NÖVLƏR

Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb

Bu gün IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı müqavilənin imzalanması mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, təbirdə İslam Həmrəyliyi Federasiyasının Prezidenti, şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Alsaud, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, digər federasiyaların nümayəndələri iştirak ediblər.

 

Tədbirin girişində kiçik videoçarx göstərildikdən sonra söz alan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qonaqları yarışın keçiriləcəyi obyektlərlə tanış etdiklərini bildirib: “Bu gün çox böyük tədbir həyata keçirilir. Bu, bizim üçün fərəhli gündü. Bu oyunların Azərbaycan idmançıları üçün böyük əhəmiyyəti var. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan İslam Həmrəyliyi Oyunlarını keçirməyə hazırdı. Əminəm ki, biz bu yarışı yüksək səviyyədə keçirəcəyik”.

 

Daha sonra çıxış edən İslam Həmrəyliyi Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanının Olimpiya Komitəsinin prezidenti, şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Alsaud yarış zamanı Azərbaycana hər cür köməklik etməyə çalışacaqlarını vurğulayıb: “Bu tədbirdə biz IV İslam Həmrəyliyi Oyunlarının müqaviləsini bağlayacağıq. Bu bizi sevindirir. Azərbaycana təşəkkür edirəm ki, bu yarışın ev sahibliyinə böyük maraq göstərir. Bizim öhdəmizə bu çətin vaxtda əməkdaşlıq etmək, işbirliyi qurmaq düşür. İslam Həmrəyliyi Federasiyası Azərbaycandakı yarışın uğurlu olması üçün səylərini əsirgəməyəcək”.

 

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın bu yarışa hazır olduğunu qeyd edib: “Bizim namizədliyimizi dəstəkləyənlərə və etimad edənlərə təşəkkür edirəm. Azərbaycan son illər Avropanın ən mötəbər idman yarışlarına ev sahibliyi edir. Həmrəylik bizim gücümüzdü. Bu oyunlar xalqlarımız arasında birlik və həmrəyliyin güclənməsində mühüm olacaq. Biz bütün imkanlarımızı səfərbər edərək bu yarışı yüksək səviyyədə təşkil etməyə nail olacağıq”.

 

Çıxışlardan sonra tərəflər arasında imzalanma mərasimi keçirilib və xatirə hədiyyələri təqdim edilib.

 

Qeyd edək ki, 2013-cü il iyulun 23-24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında IV İslam Həmrəyliyi Oyunlarının ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsi barədə qərar qəbul edilmişdi. 2013-cü il sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembank şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı Azərbaycana verilmişdi.