13:26 10-04-2015
news_image
3660
DİGƏR NÖVLƏR

“Bakıdakı kimi Olimpiya kəndi görməmişəm” - ukraynalı olimpiya çempionu

Qılıncoynatmanın sablya növündə Olimpiya çempionu, 4 dəfə dünya, 7 dəfə Avropa və dəfələrlə Dünya Kubokunun ən güclüsü Olqa Xarlanın apasport.az saytına müsahibəsi

 

- Azərbaycana gəlişinizin məqsədi nədi?

- Bakıda uzun müddət qalmayacam. Dəqiq qayıdacağım vaxtı da hələ bilmirəm. Çünki məni bura dəvət ediblər. Bu səfərdə idmançılarınızla ünsiyyətdə olmağıma da gözəl imkan yarandı. Sözün düzü, Avropa Oyunları öncəsi Azərbaycana gəlməyi, vəziyyətlə tanış olmağı özüm də çox istəyirdim. Hər şey yüksək vəziyyətdədi. Deyərdim ki, Bakı Oyunları keçirməyə 100 faiz hazırdı. Paytaxtınızın Avropa Oyunlarını keçirmək öhdəsindən tam layiqincə gələcəyinə inanıram. Fikrimcə, Bakıdakı yarış yaddaşlara birdəfəlik həkk olunacaq.

 

- Azərbaycan millisi haqda hansı bilgilərə maliksiz? Bu idman növündə uğurlar qazanmaq üçün vacib olan nədi?

- Yığmanızın üzvlərinin çox güclü idmançılar olduğunu deməliyəm. Onlar hər vaxt qalib gələ bilərlər. Komandanızın səviyyəsi yüksəkdi. Hətta onlar hakim köməkliyi olmadan da qalib gəlmək gücündədi (gülür). Bizim qılıncoynatma məktəbləri ilə müqayisədə burada şərait də daha yaxşıdı. Federasiyanıza belə şəraitdə yaxşı idmançılar yetişdirməyi arzulayıram. Bu idman növünün Azərbaycanda daha da populyarlaşmasını və kütləviləşməsini istəyirəm. Lap kiçikyaşlılar olsa belə, onlar gələcəkdə böyük perspektiv vəd edə bilərlər. 10 ilə dünya və Olimpiya çempionlarınızın yetişməsi də mümkündü.

 

- Avropa Oyunları sizin üçün hansı əhəmiyyətə malikdi və Ukrayna yığması Azərbaycana əsas heyətlə gələcəkmi?

- Biz bu yarışa ciddi hazırlaşırıq. Bütün komandalar kimi Ukrayna da bura əsas heyətlə gəlməyi planlaşdırır. Avropa Oyunları ilk dəfə keçirildiyindən yarışa böyük önəm veririk. Artıq bu istiqamətdə işlər sürətlənib və formalarımızın sifarişi də verilib.

 

- Demək olarmı ki, yığmanızın Azərbaycana gələcəyi heyət də tam formalaşıb?

- Avropa Oyunlarına neçə nəfərlik heyətlə gələcəyimiz hələ tam dəqiqləşməyib. Təxminən Yay Olimpiya Oyunlarında olduğu qədər idmançımız olacaq. Hətta bu rəqəm daha çox ola da bilər. Çünki qılıncoynatma idman növündə Bakıya 11 nəfərlə gələcəyik və bu, Olimpiadadakından daha çoxdu.

 

- Siz Olimpiadada iştirak etmisiz. Avropa Oyunları öncəsi Bakıda məhz Olimpiada ab-havası hiss olunurmu?

- Bəli. Bakıdakı Milli Stadionu gördüm. Buna qədər Olimpiya Oyunları ilə yanaşı, universiadalarda da iştirak etmişəm. Düşünürəm ki, Bakı Yay Olimpiya Oyunlarını da keçirməyə iddia edə bilər. Paytaxtınız bunun da öhdəsindən gələr. Atletlər kəndi ilə də tanış oldum. Dəfələrlə soruşdum ki, bura həqiqətən Atletlər kəndidi? Karyeramda müxtəlif Olimpiya kəndləri görmüşəm. Amma Bakıdakı kimisini yox. Ukraynadakı rəfiqələrimə bu haqda yazmışam. Onlar da Bakıya gəlmək istəyir. Düşünürəm ki, hər şey yaxşı olacaq.

 

- Təmsil olunduğunuz idman növündə bir nömrəsiz. Təxminən 500 idmançının yer aldığı reytinq cədvəlində liderlərdənsiz. Avropa Oyunlarında hədəfiniz nə olacaq?

- Bizim üçün bu yarış dünya çempionatına hazırlıq baxımından önəmlidi. Avropa Oyunlarını mundial öncəsi baş məşq də adlandırardım. Burada yaxşı çıxış edib, məşqçilərin etimadını doğrultmaq, həm də vaxtımızı yaxşı keçirmək istəyirik. Biz Avropa çempionatından Avropa Oyunlarına, buradan isə dünya çempionatına gedəcəyik.

 

- Sablyaçılarımızdan kimi xüsusi qeyd edə bilərsiz?

- Səbinə Mikina beynəlxalq arenada yaxşı çıxış edir. İdmançıya öz ölkəndə doğma divarlar da müəyyən dərəcədə təsir edir. Düzdü, bəzi idmançılar evdə çıxış etməkdən qorxur. Çünki məsuliyyət onları sıxır. Bəziləri isə əksinə, daha da ruhlanıb uğur qazana bilir. Bizim də buraya uğur ardınca gələcəyik. Əsas məqsəd qələbə və ən azı “dördlüyə” düşməkdi.

 

- Bakı barədə təəssüratlarınız necədi?

- Bakı haqda yalnız xoş sözlər deyə bilərəm. Mən 2010-cu ildə dünya birinciliyində də burada olub, şəhəri gəzmişəm. İşərişəhəri və xalqınızın qonaqpərvərliyini çox bəyənirəm.