11:46 11-04-2015
news_image
3622
TOP OYUNLARI

Mükafatların astanasında

Sabah voleybol üzrə qadınlar arasında Super Liqada 2014/15 mövsümünün final mərhələsinin ikinci oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, baş tutacaq qarşılaşmalarla mövsümə yekun vurula bilər.

 

Bunun üçün ilk oyunlarda qalib gələn komandalar rəqibini məğlub etməlidi. İki qələbəyədək davam etməli olan duellərin hər ikisinin taleyinə sabah aydınlıq gəlməsi inandırıcı görünür. Çünki qarşılaşmaların favoritləri - mükafatların astanasında olan “Rabitə” və “Azəryol” qalib gəlsə, 3-cü oyunlara ehtiyac qalmayacaq.

 

Voleybol Mərkəzinin meydanında əvvəl bürünc medal uğrunda mübarizə aparan “Azəryol”la “Azərreyl” çıxacaq. Yarımfinalda gözlənilmədən “Lokomotiv”ə uduzan Ceyson Haldanın yetirmələri sensasiyalı yenilgini bürüncü qazanmaqla unutdurmağa çalışacaq.

 

İlk duelin taleyini 3 setdə həll edən “Azəryol”un yenə asanlıqla qalib gələcəyi gözlənilir. Mövsümdəki 5 matçdan dördündə rəqibini 3 setdə məğlub edən paytaxt təmsilçisinin 3-cü duelin baş tutmasına imkan verəcəyi inandırıcı deyil. Çünki 5 qarşılaşmada cəmi 3 set qazanan “Azərreyl” güclü rəqibinə müqavimət göstərmək iqtidarında deyil.

 

Super Liqanın dəyişməz çempionu “Rabitə” növbəti titulunu rəsmiləşdirmək üçün “Lokomotov”i yenə məğlub etməlidi. Zoran Qayiçin yetirmələri ölkə daxilində ən güclü olduqlarını elə ilk matçda da rəqibinə göstərmişdi.

 

Mütəxəssisin bu posta təyinatından sonra daxili yarışlarda heç kimə uduzmayan çempionu “dəmiryolçular”la duelin taleyini 3-cü matça qədər saxlaması inandırıcı görünmür. Əvvəlki 5 qarşılaşmada rəqibinə 2 xal verən “Rabitə” qızıl medallara yiyələnsə, bu onların 8-ci zəfəri olacaq.

 

12 aprel

Üçüncü yer uğrunda,  2-ci oyun

15:00. “Azəryol” – “Azərreyl”

Voleybol Mərkəzi

I dövrə: “Azəryol” – “Azərreyl” - 3:0 (26:24; 25:20; 25:16)

II dövrə: “Azərreyl” – “Azəryol” - 0:3 (20:25; 16:25; 15:25)

III dövrə: “Azəryol” – “Azərreyl” – 3:0 (25:21, 25:22, 25:20)

IV dövrə: “Azərreyl” – “Azəryol” - 3:2 (23:25; 25:17; 25:21; 21:25; 15:13)

Üçüncü yer uğrunda, ilk oyun: “Azəryol” – “Azərreyl” - 3:0 (25:22; 25:10; 25:16)

 

Final, 2-ci oyun

17:00. “Rabitə” – “Lokomotiv”

Voleybol Mərkəzi

I dövrə: “Lokomotiv” – “Rabitə” - 3:2 (25:22; 18:25; 25:23, 21:25, 15:13)

II dövrə: “Rabitə” – “Lokomotiv” - 3:1 (19:25; 25:18; 25:19; 25:20)

III dövrə: “Lokomotiv” – “Rabitə” - 0:3 (25:27; 16:25; 17:25)

IV dövrə: “Rabitə” – “Lokomotiv” - 3:1 (22:25, 25:19, 25:23, 26:24)

Final, ilk oyun: “Rabitə” - “Lokomotiv” - 3:1 (25:27; 25:21; 25:21; 25:19)