11:10 13-04-2015
news_image

Taekvondoçularımız Ukraynada 7 medal qazandı - FOTO

Ukraynanın Xarkov şəhərində taekvondoçular arasında keçirilən G-1 kateqoriyalı “Ukraine Open Cup” beynəlxalq turnirinə yekun vurulub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarış Azərbaycan millisi üçün uğurlu alınıb.

 

Belə ki, komandamızın üzvləri turnirdə 3 gümüş və 4 bürünc medal qazanıblar.

 

Taekvondoçularımızdan 68 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Tağızadə final döyüşündə qızıl xalda məğlub olaraq, ikinci olub. Milad Beiqi Harçeqani də finalda uduzduğundan, gümüş medalla kifayətlənib.

 

Bakıda keçiriləcək Avropa Oyunlarında ölkəmizi təmsil edəcək Fəridə Əzizova da çempionluğun bir addımlığında dayanıb. Həmyerlimiz finalda London Olimpiya Oyunlarının gümüş mükafatçısı Nur Tatara (Türkiyə) uduzub.

 

Digər idmançılarımızdan Günay Ağakişiyeva (57 kq), Patimat Abakarova (49 kq), Darya Şkurko (62 kq) və Marina Tedeyeva (73 kq) üçüncü yeri tutublar.

 

Qeyd edək ki, yığmamız vətənə sabah qayıdacaq.