13:42 13-04-2015
news_image
433
DİGƏR NÖVLƏR

Mingəçevirdə "Məktəbli Kuboku" yarışı keçirilib - FOTOSESSİYA

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin general Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında 20 noyabr, 2014-cü il tarixli sərəncamının icrası ilə əlaqədar, Azərbaycan Velosiped İdmanı Federasiyası və "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin birgə təşəbbüsü ilə Mingəçevir şəhər məktəblilərinin Əlağa Şıxlinskinin xatirəsinə həsr olunmuş "Məktəbli Kuboku" velosiped yarışı təşkil olunub. Apasport.az saytının məlumatına görə, şəhər stadionu ərazisində keçirilən yarışda 13 məktəbin komandası iştirak edib.

 

Reqlamentə görə, kollektivlər hər birinin tərkibində 3 oğlan və 1 qız iştirakçı olmaqla, estafet sistemi üzrə mübarizə aparıblar. İlkin mərhələdən sonra finala vəsiqə qazanan 4 komanda müəyyənləşib. Həlledici yürüşdə isə bütün rəqiblərini qabaqlayan 2 saylı məktəbin komandası yarışın qalibi olub. 13 saylı məktəbin kollektivi 2-ci, 3 saylı məktəbin velosipedçiləri isə 3-cü yeri tutub.

 

İlk 3 yeri tutan komandalar AVİF tərəfindən kubok, medal, diplom və pul mükafatı ilə təltif ediliblər. Qaliblərə mükafatları Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AVİF-in baş katibi Fərhad Əliyev və "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin Mingəçevir ofisinin rəhbəri Tural Kərimov təqdim edib.

 

Qeyd edək ki, federasiya tərəfindən bunadək Nərimanov, Səbail və Xəzər rayonlarının məktəbləri arasında da "Məktəbli Kuboku" turniri təşkil edilib. Bu yarışlar ümumrespublika "Məktəbli Kuboku" turnirinə hazırlıq xarakteri daşıyır.