16:56 17-04-2015
news_image

Teymur Məmmədov qələbə ilə başladı

“Baku Cristal Hall”da boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir. Apasport.az saytının məlumatına görə, Avropa Oyunlarına test xarakteri daşıyan yarışın üçüncü günündə günorta proqramında 7 boksçumuz rinqə çıxıb.

 

64 kq çəki dərəcəsində 1/4 finalda milli komandamızın iki üzvü – Lorenzo Sotomayor və Zaur Abdullayev üz-üzə gəlib. Kuba əsilli boksçu 3:0 hesabı ilə qalib gələrək, yarımfinala vəsiqə qazanıb. Yığmamızın üzvü növbəti görüşünü belaruslu Maksim Vislauxa qarşı keçirəcək.

 

Bu çəki dərəcəsində Cavid Quliyevlə Elnur Əliyevin də döyüşü maraqlı alınıb. Zədə səbəbindən uzun müddət idmandan ayrı düşən Quliyev təcrübəli rəqibinə ciddi müqavimət göstərə bilməyib – 0:3. Əliyev yarımfinalda fransalı Hassan Amzile ilə üz-üzə gələcək.

 

Avropa çempionu, dünya çempionatının və Olimpiya oyunlarının mükafatçısı Teymur Məmmədov da (91 kq) yarışa qələbə ilə başlayıb. Məmmədov Bolqarıstan idmançısı Kristian Dimitrovu mübarizədən kənarlaşdırıb. Milli komandamızın üzvü yarımfinalda rusiyalı Yevgeni Kobzevlə qarşılaşacaq.

 

Qadınların yarışında bu gün rinqə çıxan hər iki boksçumuz qalib gəlib. Anna Əlimərdanova (54 kq) rusiyalı Tatyana Zrajevskayadan üstün olub. Yelena Vıstropova isə (64 kq) Özbəkistan təmsilçisi Kamilla Bekmetivanı məğlub edib.