20:06 18-04-2015
news_image
4897
STOLÜSTÜ OYUNLAR

Məşhurlar Ermənistan səfərindən imtinanın səbəbini açıqladılar

"Kramnikə qarşı oynamaq böyük şərəfdi. Onun oyunlarını diqqətlə izləmişəm. Müəyyən mənada öyrənməyə çalışmışam”. Apasport.az saytının xəbərinə görə, bu sözləri ABŞ şahmatçısı Uesli So deyib.

 

Vüqar Həşimovun xatirəsinə həsr edilən turnirin II turunda rusiyalı Vladimir Kramniklə heç-heçə oynayan So görüşlə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, oyunun gedişində rəqibin təzyiqini hiss edib: “Bu səbəbdən də heç-heçəni özüm üçün yaxşı nəticə sayıram".

 

Sabiq dünya çempionu Kramnik isə üstünlüyünün olduğunu, amma qələbə üçün lazımi gedişlərin görünmədiyini vurğulayıb: "Üstünlüyüm var idi. Amma böyük deyildi. Ona görə də heç-heçə normal nəticədi. So yaxşı şahmatçıdı. Yaxşı müdafiə olunurdu".

 

Hər iki qrossmeyster yaxın günlərdə Ermənistanda start götürəcək yığmaların dünya çempionatında iştirakdan imtina etmələrinin səbəbini açıqlayıb. So federasiya tərəfindən ona gec dəvət gəldiyini və Şəmkirə gəlmək istəyinin böyük olduğunu deyib: "Öncə qeyd edim ki, Şəmkirdəki turnirin təşkilatçılarına müsbət cavab vermişdim. Mən artıq Şəmkirə gələcəyimi deyəndən sonra federasiya məni dünya çempionatına dəvət etdi. Bu səbəbdən millidə çıxış edə bilməyəcəyimi dedim. Şəmkirdə gözəl təşkilatçılıq və güclü şahmatçılar var. Bura gəldiyimə görə çox şadam. Dünya çempionatına getmədiyimə görə peşman deyiləm".

 

Kramnik isə Rusiya yığmasının heyətində olmadığını belə izah edib: "Məndə də oxşar hadisə oldu. Fevralda artıq Şəmkirə gələcəyimə söz vermişdim. Sonradan federasiya rəhbərliyi milliyə dəvət etdi. Əvvəlcədən hər hansı bir turnir olacağı halda, yığmada olmayacağımı demişdim. Fikrimcə, mənsiz də Rusiya yığması güclüdü. Digər tərəfdən, Şəmkirdəki turnir gözəl insan, güclü şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunub. Ötən il bu yarışda iştirak edə bilmədim. Amma bütün həmkarlarım təşkilatçılıq haqda xoş sözlər deyirdi. Vüqarla çox yaxın olmasaq da onun xatirə turnirində iştirak etməyə bilməzdim".