15:07 20-04-2015
news_image
2997
STOLÜSTÜ OYUNLAR

Vladimir Kramnik: Mən artıq qocalmışam - MÜSAHİBƏ

Şahmat üzrə 14-cü dünya çempionu, Dünya Kubokunun sahibi, Vladimir Kramnik “ShamkirChess-2015” turnirinin rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, rusiyalı qrossmeyster yarış və Şəmkir barədə maraqlı fikirlər səsləndirib.

 

- İlk olaraq “ShamkirChess-2015” turniri haqda fikirlərinizi bilmək istərdik...

- Əvvəl heç vaxt Şəmkirdə olmamışam. Amma ilk təəssüratlarım yaxşıdı. Təmiz, gözəl küçələrlə məni valeh edib. Təmiz havası var. İnsanları çox qonaqpərvərdi. Şəhərin özünəməxsus gözəlliyi var. Şahmatçılara yaxşı münasibət göstərilir. Heç bir problemimiz yoxdu. Havası o qədər təmizdi ki, ilk günlər yuxuya qalmışam. 12:15-də oyanmaq istəsəm də, bir saat çox yatmışam. Ardıcıl bir neçə gün belə oldu.

 

- Vüqar Həşimovla xatirələriniz maraqlıdı. Onunla hansı turnirlərdə rəqib olmusunuz...

- Vüqarın gözəl aurası var idi. Gülüşü heç zaman əskik olmazdı. Bir neçə dəfə rəqib olmuşuq. Maraqlı mübarizə sərgiləyib. Hər zaman qələbə barədə düşünürdü. Yaxın dost olmasaq da, onun haqda ancaq xoş sözlərim var. Azərbaycan millisinin heyətində Avropa çempionu olub. Heç vaxt fikirləşməzdim ki, məndən cavan olan Vüqarın xatirə turnirində iştirak edəcəm. Onun indi bizimlə olmadığını qəbul etmək çətindi. Şəmkir turniri vüqarsevərləri birləşdirir. Təşkilatçılara təşəkkür etmək istərdim. Vüqarın xatirə turniri ənənəvi olmalıdı.

 

- Ötən il norveçli dünya çempionu Maqnus Karlsen yarışın əsas favoriti hesab olunurdu. Bu dəfə siz və Vişvanatan Anand iştirakçılar sırasında olduğunuz üçün Karlsenin asan qələbə qazanması mümkün deyil...

- Ümumiyyətlə bu yarışda iştirak edən hər bir şahmatçı uğur qazanmaq istəyir. Anandla yanaşı, Karuana var. Təkcə Maqnusa deyil, hamıya çətindi. Maqnus dünya çempionudu, ona görə ondan hər zaman qələbə gözlənilir. Fikrimcə bu dəfə son tura qədər qalib məlum olmayacaq.

 

- Bəziləri Maqnus Karlsenin uzun müddət çempion titulunu qoruyacağını deyir. Siz necə düşünürsünüz? Çempionluğu qaytarmaq istəmirsiniz?

- Mən artıq qocalmışam (gülür). İndi gənclər bu barədə düşünməlidi. Əlbəttə, dünya çempionluğu uğrunda mübarizəyə qoşulmaq istəyirəm. Sadəcə, yaş amilini unutmaq olmaz. Gərək fiziki hazırlıq üzərində işləyəsən. Maqnus cavandı. Bir neçə saat oynamaq onun üçün problem yaratmır. O vaxt Harri Kasparova qalib gələndə cavan idim. Enerjim çox idi (2000-ci ildə

Londonda baş tutan görüşdə Kramnikin 25 yaşı var olub - red). Amma gənc nəsil arasında Maqnusa rəqib olacaq şahmatçılar az deyil.

 

- “ShamkirChess-2015” turnirinin II turunda Karlsen Şəhriyar Məmmədyarova qalib gəldi. Sanki Karlsenə qarşı oynamaq hamıda çətinlik yaradır...

- Əlbəttə, Karlsen çox güclü şahmatçıdı. Son zamanlar belə bir ifadə var - hamı yaxşı oynayır, amma sonda Karlsen qalib gəlir. Sözsüz, Maqnus güclü şahmatçıdı. Şəhriyara gəldikdə, böyük potensialı var. Emosional qrossmeysterdi. Ən böyük problemi stabil oynamamasıdı. Stabil oyun üçün bəlkə də müəyyən problemləri var. Bununla belə şahmatçı kimi risk etməyi sevir, sona qədər təzyiq edir. Məmmədyarov istənilən rəqibə qarşı mübarizə apara bilər.

 

- Sentyabrda Bakıda Dünya Kuboku keçiriləcək. Yarışın son qalibi kimi sizi iştirakçılar arasında görə biləcəyik?

- Payızda Dünya Kubokunda iştirak edəcəm. Hər halda belə planım var. İndiyə qədər Dünya Kubokunun tarixində heç bir şahmatçı ardıcıl iki dəfə qələbə qazanmayıb. O mənada mənim üçün çətin olacaq. İstərdim Bakıda da qalib olub. Lakin başa düşürəm ki, çətin olacaq.

 

- Dünya Kubokunda Ermənistan şahmatçılarının iştirakı barədə qərar qəbul edilməyib. Azərbaycan dövlət səviyyəsində təhlükəsizliyə zəmanət versə də son qərar məlum deyil...

- Bu barədə qərarı Ermənistan şahmatçıları qəbul etməlidir. Ümumiyyətlə, məncə idman siyasətdən kənardı. Mən istəyirəm ki, erməni şahmatçıları Bakıya gəlsin, azərbaycanlı qrossmeysterlər ora getsin. Şahmat hamını birləşdirir. Mən Levon Aronyanla turnirlərdə tez-tez görüşürəm. Fikrimcə, o, Bakıdakı Dünya Kubokunda iştirak edəcək. Burada heç bir problem yoxdu.

 

- Aprelin 22-də “ShamkirChess-2015” turnirində istirahət günüdü. Həmin gün şahmatçılar arasında futbol turniri olacaq. Sizi meydanda görəcəyik?

- (gülür) Mən qorxuram zədə alım və sonrakı turlarda oynaya bilməyim. Bəlkə 5-6 dəqiqə imkan yaratsalar meydana çıxaram. İstirahət günü Şəmkirdə restorana getmək istəyirəm. Yerli mətbəxin dadlı olduğunu eşitmişəm. Çox istərdim yerli mətbəxin dadına baxım.