10:37 22-04-2015
news_image
2500
DÖYÜŞ NÖVLƏRİ

Yığmamızın baş məşqçisi bıçaqlandı - VİDEO

Ötən gecə Bakıda qətl törədilib. Nəsimi Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə ötən gün Tbilisi prospekti 32 ünvanında yerləşən “Avropa” hotelində qeydə alınıb.

 

Hotelin nəzdində yerləşən idman zalında naməlum şəxslə münaqişə zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Bakı sakini Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. Azər Məmmədov aldığı bıçaq xəsarətindən hadisə yerində ölüb, Ruslan Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.

 

Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev olduğu müəyyən edilib.

 

Hazırda polis hadisəni törədən şəxsin  tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.

 

Məlumata görə, hadisə zamanı yaralanan şəxs MMA (qarışıq döyüş növləri) üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, tanınmış idmançı Ruslan Əfəndiyev, qətlə yetirilən isə “Zaminbank”ın Nəsimi rayon filialının müdiri Azər Məmmədzadədir.