19:58 26-04-2015
news_image
493
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov: Kifayət qədər maraqlı görüşlərim oldu

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2015 turnirində sonuncu, 9-ci turun görüşləri keçirilib. Synergy Group-un təşkilatçılığıyla keçirilən sonuncu turda ilk olaraq azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ilə İngiltərə təmsilçisi Maykl Adams heç-heçə oynayıb.
 

Mətbuat konfransında hər iki şahmatçı keçirdikləri görüşlər barədə öz fikirlərini bildiriblər:
 

Şəhriyar Məmmədyarov: "Etiraf edim ki, bu il Vüqar Həşimov Memorialında heç də pis oynamadım. Öz çıxışımı orta qiymətləndirirəm. Nəticələrimdən deməzdim narazıyam, çünki bu turnirdə kifayət qədər maraqlı görüşlərim oldu, əsas da turnirin ikinci hissəsində. Xüsusən onların arasında  14-cü dünya çempionu Vladimir Kramnik üzərində qələbə qazandığım oyunumu qeyd etmək istərdim. Həmçinin komanda yoldaşım Rauf Məmmədov və 15-ci dünya çempionu Vişvanatan Anand ilə keçirdiklərim görüşlər də mənim fikrimcə maraqlı keçdi".

Maykl Adams: "Mən isə Şəhriyardan fərqli olaraq etiraf etməliyəm ki, istədiyim nəticəni göstərə bilmədim. Düzdü turnirdə iştirak etmək dəvətini rəqiblərimin arasında ən sonda mən aldım. Hazırlığa çox az vaxtımın olması ilə özümə bəraət qazandırmıram. Etiraf edim ki, rəqiblərim gözlədiyimdən də güclü idilər".