20:40 26-04-2015
news_image
2392
DİGƏR NÖVLƏR

Sahib Ələkbərov: Bu, Avropada tikilmiş ən gözəl BMX stadionlarından biridi

“Bu idman obyekti nəinki MDB-də, eləcə də, Avropada tikilmiş ən gözəl BMX stadionlarından biridi”. Apasport. az saytının məlumatına görə, bu fikirləri jurnalistlərə müsahibəsində BMX stadionunun hazırlığını yoxlamaq üçün təşkil olunmuş sınaq xarakterli yürüşlər zamanı Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov səsləndirib.

 

S. Ələkbərov Bakı-2015 ilk Avropa Oyunları üçün görülən bu işlərin gedişini yüksək qiymətləndirib : “Avropa Oyunları ərəfəsində biz daha bir gözəl idman obyektində işlərin başa çatmasını qeyd edirik. Daha əvvəl ABŞ-dan dünyaca məşhur BMX ustalarından biri olan Barri Noblesi dəvət etmişdik. O, stadionu sınaqdan keçirərək, müsbət fikirlər səsləndirdi. Bu gün isə Almaniya, Rusiya və Latviyadan olan idmançılar da stadionu sınaqdan keçirirlər və gördüklərindən razılıq ifadə edirlər”.

 

Federasiya rəsmisi stadionun üstün tərəflərindən də danışıb: “Onun bir çox üstünlükləri var. Birincisi, yerləşdiyi məkan çox gözəl seçilib. Bir tərəfi dəniz, digər tərəfi isə dağ və meşədir. Üstəlik, burada 2 start meydançası var. Halbuki, əksər stadionlarda yalnız 1 enmə zolağı var”.

 

O, məhz ölkə prezidenti İlham Əliyevin göstərişi əsasında sözügedən ərazidə idman şəhərciyinin yaradıldığını bildirib: “Burada gözəl velopark yerləşir. Dörd marşrut üzrə velosipedçilərin yarış və məşq keçməsi üçün lazımi şərait var. İşlərin başa çatmasına çox az qalıb. Yaxın bir neçə gün ərzində arena tam hazır olacaq. Bundan başqa Avropa Oyunlarında həm şosse, həm də dağ velosipedi üzrə yarışlar baş tutacaq. Dağ velosipedi üzrə sınaq yarışını ötən il oktyabrın 18-də keçirdik. Hər şey hazırdı. Azərbaycan velosipedçiləri fəxr edə bilər ki, belə gözəl bazaya sahibdirlər. Bu, onların inkişafına müsbət təsir göstərəcək”.

 

Sonda federasiya rəsmisi “Tour d’Azerbaidjan-2015” haqda da danışıb: “Tour d’Azerbaidjan-2015” 6-10 may tarixlərində keçiriləcək. Bu yarış ölkəmizdə böyük ərazini əhatə edir, marşrut üzərində 10 rayon və şəhər var. İdmançılar 883 km məsafə qət edəcəkər. Son mərhələ həm də Avropa Oyunları öncəsi şosse yarışlarında sınaq mərhələsi hesab olunur. Mötəbər yarış üçün hər şey hazırdı”.