15:20 29-04-2015
news_image

5 boksçumuz finala çıxdı

Şağan Olimpiya Kompleksində keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan boks üzrə yeniyetmələr arasında beynəlxalq turnirdə finalçılar məlum olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının 5 üzvü həlledici döyüşlərdə iştirak etmək hüququ qazanıb. 


52 kq çəki dərəcəsində mübarizə aparan Niyaməddin Allahverdiyev özbəkistanlı Cahongir Rahmonovu məğlub edərək, finala vəsiqə qazanıb – 3:0. Boksçumuz qızıl medal uğrunda görüşdə Özbəkistanın digər nümayəndəsi Muradjon Əliyevlə qarşılaşacaq. 


Elton Məmmədov da (57 kq) finala yüksəlib. Həmyerlimizin yarımfinaldakı rəqibi Arseni Smirnov (Rusiya) rinqə çıxmayıb. Məmmədovu finalda qazaxıstanlı Nurbol Sultanbay gözləyir. 
 

60 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar Qazıbəyov da finaldadı. Milli komandamızın üzvü yarımfinalda qazaxıstanlı Abilay İbrahimovdan üstün olub – 2:1. Boksçumuz finalda Tuğrulxan Erdemirlə (Türkiyə) üz-üzə gələcək. 


Şaiq Məlikov (70 kq) yarımfinalda gürcüstanlı İlya Mtsariaşvili üzərində qələbə qazanıb – 3:0. Məlikov finalda Qazaxıstan idmançısı Daulet Zauşevlə qarşılaşacaq. 
 

+80 kq çəki dərəcəsindəki təmsilçimiz Məhəmməd Abdullayev də adını finala yazdırıb. Boksçumuz Türkiyə nümayəndəsi Səlahəddin Kocaoğlunu məğlub edib – 3:0. Onun finaldakı rəqibi qazaxıstanlı Ardak Alimxan olacaq. 


Qeyd edək ki, Fərid Səfərli (46 kq), Cavid Hüseynov (48 kq), Polad Hüseynov (52 kq) və Orxan Həsənov (54 kq) yarımfinalda uduzaraq, 3-cü yerlə kifayətləniblər.