11:57 04-05-2015
news_image

Meksika klubu Azərbaycanda güclülərə şans verəcək

Mayın 6-ı və 7-də Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycanı bu yarışda təmsil edən “Baku Fires” A qrupunda 3-cü yeri tutan “Mexico Guerreros” klubu ilə qarşılaşacaq.

 

İlk yarış günündə çəkisi 49, 56, 64, 75, 91 kq olan boksçular rinqə çıxacaq. Mayın 7-də isə digər çəki dərəcələrində çıxış edən idmançılar güclərini sınayacaq. 

 

Məşqçilər korpusu Olimpiya oyunlarına lisenziya uğrunda mübarizənin başa çatdığını nəzərə alaraq, ehtiyat qüvvəyə şans verib. Bu görüşdə komandamızın heyətində üç boksçu – Yaraş Maqomedov, Zaur Abdullayev və Leonid Çernobayev debüt edəcək. 


Meksika klubu isə “Baku Fires”lə görüşə güclü heyətlə çıxacaq. 49 kq çəki dərəcəsində döyüşəcək Velazkes Altimirano fərdi reytinqdə 3-cü yeri tutaraq, son anda Rio De Janeyro Olimpiadasından kənarda qalıb. O, cari mövsümdə 6 qələbə qazanıb, 1 dəfə məğlub olub. 


64 kq çəki dərəcəsində Zaur Abdullayevi də çətin görüş gözləyir. Boksçumuz Rio Olimpiadasına vəsiqə qazanan Raul Kuriel Qarsiya ilə üz-üzə gələcək. Meksika boksçusu bu mövsüm 6 görüşdə qalib gəlib, birində məğlub olub. 


Xositaşvili və Çernobayevin rəqibləri elə də yaxşı təsir bağışlamadıqlarından hər iki boksçumuzun qələbə şansları yüksək qiymətləndirilir. 

İlk döyüş üçün komandaların heyətləri artıq məlumdur:

“Baku Fires” – “Mexico Guerreros”

49 kq. Rəsul Saliyev – Jozelito Velaskes Altimirano

56 kq. Yaraş Maqomedov – Alfredo Çirno Sançes

64 kq. Zaur Abdullayev – Raul Kuriel Qarsiya

75 kq. Jaba Xositaşvili – Rodrigez Olivas

91 kq. Leonid Çernobayev – Kastillyo Torres

 

Qeyd edək ki, bu cütdə qələbə qazanan komanda yarımfinalda liqanın son qalibi “Cuba Domaderos”la görüşəcək və hər iki qarşılaşma rəqib meydanında olacaq. 


Digər 1/4 finalda isə Rusiya boksçuları “İtalia Thunder”lə üz-üzə gələcək.