17:30 05-05-2015
news_image

“Buna nəinki fiziki, psixoloji cəhətdən də davam gətirmək çətindi” - FOTO

Mayın 6-da və 7-də Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycanı bu yarışda təmsil edən “Baku Fires” Meksikanın “Mexico Guerreros” klubu ilə qarşılaşacaq.

 

Bu gün hər iki komandanın baş məşqçilərinin və ilk yarış günündə rinqə çıxacaq boksçuların iştirakı ilə mətbuat konfransı keçirilib.

Komandamızın baş məşqçisi Nuripaşa Talibov pley-off mərhələsində qələbə qazanmağa çalışacaqlarını deyib. O, bu görüşdə klubun bir çox liderlərinin rinqə çıxmayacağını bildirib: “Boksçularımız ağır mövsüm keçirdilər. Onlar 6-7 döyüşdə rinqə çıxıblar ki, bu yükləməyə nəinki fiziki, psixoloji cəhətdən də davam gətirmək çətindi. Bundan başqa, 4 boksçumuz – Albert Səlimov, Pərviz Bağırov, Soltan Migitinov və Məhəmmədrəsul Məcidov hazırda milli komandanın düşərgəsindədilər. Onlar Avropa Oyunlarına hazırlaşırlar. Bu dəfə bir çox gənc idmançılara şans vermişik ki, özlərini göstərsinlər. İnanıram ki, onlar etimadımızı doğruldacaqlar”.

 

“Mexico Guerreros” klubunun baş meneceri Dario Alfaro 1/4 final mərhələsinin hər iki görüşünün Qubada keçirilməsinin komandasının ziyanına işləməyəcəyi qənaətindədi: “Bizim üçün hər iki qarşılaşmanın böyük əhəmiyyəti var. Odu ki, bura əsas boksçularımızı gətirmişik. Reqlament elədi ki, 1/4 final mərhələsinin hər iki görüşünü səfərdə keçirməli oluruq. Amma bu bizi qorxutmur”.

 

Qonaq komandanın nümayəndəsini lider boksçuların zədə ala biləcəyi də narahat etmir: “Komandamızın heyətində 64 kq çəki dərəcəsində Raul Kuriel Qarsiya Olimpiya oyunlarına vəsiqə qazanıb. Sabah o da Qubada döyüşənlər arasında olacaq. Eləcə də fərdi reytinqdə 3-cü yeri tutan Jozelito Velaskes Altimirano (49 kq) rinqə çıxacaq. Onlara yarış təcrübəsi lazımdı. Bu cür görüşlər çox vacibdi. Zədə isə hər an ola bilər, bundan heç kim, heç vaxt sığortalanmayıb”.

 

Dario Alfaro milli komandamızın Meksikaya təlim-məşq toplantısına yollanmasına da münasibət bildirib: “Bildiyim qədəri ilə indi orada bir neçə ölkənin boksçuları hazırlıq keçirlər. Meksikada toplanış üçün yaxşı şərait var. İnanıram ki, bu hazırlıq mərhələsi komandanıza çox kömək olacaq”.

 

Xatırladaq ki, “Baku Fires” – “Mexico Guerreros” komandaları arasında görüşlər mayın 6-da və 7-də saat 18:00-da Quba Olimpiya Kompleksində keçiriləcək.